“Təhsil nazirinin 2011-ci ilin dekabrında verdiyi əmrlə növbəti ilin yanvarından etibarən hər rayondan bir seçmə məktəb olmaqla pilot layihə olaraq şahmatın fənn kimi ikinci və üçüncü sinif şagirdlərinə tədris olunacağı nəzərdə tutulmuşdu. Buna fakültativ fənn olaraq bir saat vaxt ayrılmışdı. Ölkənin 75 ümumtəhsil məktəbində şahmat fənn kimi tədris olundu. Həmin fənni keçən müəllimlər üçün təlim seminarları təşkil edildi, şagirdlər üçün dərs vəsaiti hazırlandı. Toplanmış təcrübə əsasında nəticələr ümumiləşdirilərək, şagirdlərin şahmata böyük maraq göstərdiyi qeydə alındı”.
Teleqraf.com xəbər verir ki, bu sözləri təhsil ekperti Nadir İsrafilov deyib.
Ekspertin sözlərinə görə, Təhsil Nazirliyi şahmatın intellektual oyun olduğunu nəzərə alaraq müvafiq addımlar atıb: “2013-cü ildən şahmatın hər rayon və şəhərdən təxminən 3, yaxud 5 məktəb olmaqla, əvvəlki il seçilmiş məktəblər də qalmaq şərti ilə təxminən 25 min məktəblini əhatə edən fənn kimi tədrisi qərara alındı.
Eyni zamanda, avqust-sentyabr aylarında həmin fənnin müəllimləri üçün tədris seminarları da təşkil olundu.
Bu müddət ərzində Azərbaycanda şahmatın təbliği ilə bağlı xeyli işlər görüldü. Həmkarlar Konfederasiyası müəllimlər arasında şahmat üzrə yarışlar təşkil etdi. Ümumtəhsil məktəblərinin şahmat avadanlıqları ilə təchizatının təhsil şöbələri tərəfindən aparılmasına tapşırıq verildi, şahmatın tədrisinə hər məktəbdə bir otaq ayrıldı”.
Şahmatın tədrisi barədə təşəbbüs göstərən qurumun Azərbaycan Şahmat Federasiyası olduğunu deyən ekspert həmçinin bu sahədə “Dövlət Proqramı” səviyyəsində də müəyyən addımlar atıldığını bildirib:
“Orta məktəblərdə şahmat dərslərinin tədrisi "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi üzrə Dövlət Proqramı"nın icrası istiqamətində görülən tədbirlərdən biri kimi qeyd edilir. Tədrisdə məqsəd şahmat idman növünü inkişaf etdirmək, şagirdlərin intellektual səviyyəsini yüksəltmək və şahmatın kütləviliyinə nail olmaqdır. Təhsil nazirinin Ümumtəhsil məktəblərində “Şahmat” fənninin tədrisinin davam etdirilməsi tədbirləri haqqında 29 avqust 2013-cü il №784 əmrinə əsasən həmin fənnin tədris olunduğu pilot ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsi məqsədilə 2013-2014-cü dərs ilindən “Şahmat” fənninin II sinifdən başlayaraq tədris olunması nəzərdə tutulan yeni pilot ümumtəhsil məktəblərinin siyahısı təsdiq edildi.
Yəni, əmrə əsasən “Şahmat” fənninin tədrisinin şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynadığını nəzərə alaraq, 2011-2012 və 2012-2013-cü dərs illərində pilot müəssisə kimi müəyyən olunmuş ümumtəhsil məktəblərində “Şahmat” fənninin tədrisi müvafiq siniflər üzrə 2013-2014-cü dərs ilində davam etdirilməli, “Şahmat” fənni II, III və IV siniflərdə dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına dərs cədvəlinə daxil edilməklə həftədə 1 saat tədris olunmalıdır”.
Nadir İsrafilov hazırda məktəblərdə şahmat dərslərinin keçirilməsiylə bağlı müxtəlif fikirlərin səsləndirildiyini də vurğulayıb:
“Hazırda şahmat dərslərinin keçirilməsi barədə müxtəlif qənaətlər mövcuddur. Şahmat nə qədər məntiqi, tənqidi düşüncəni inkişaf etdirsə də, bunun şagirdlərin həddən artıq yüklənmiş dərs cədvəlini bir az da ağırlaşdıracağı qənaətində olanlar, peşəkar kadr çatışmazlığını önə çəkənlər, dünya təcrübəsində şahmatın ayrıca fənn kimi tədris edilməsinə rast gəlinmir deyənlər, dərsdən kənar əlavə məşğələ kimi, könüllülük prinsipi əsasında keçilməsini məqbul sayanlar da var”.
Ekspert sonda “Şahmat” fənninin tədrisinin şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində vacib rol oynasa da, bu fənnin keçirilməsində fiziki və əqli məhdudiyyətlər ortaya qoyduğuna dilə gətirib:
“Məktəblərdə dərs yükü olduqca ağırdır. Məktəbin və məktəblinin yükünü imkan daxilində azaltmaq lazımdır. Bu səbəbdən orta məktəblərdə şahmat fənninin tədrisini mən şəxsən məqsədəuyğun saymıram”.