30 Aprel 2014 20:01
7 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Əvvəli - )

Çingiz İldırımı 1937-ci ilin iyulunda Krivoy-Roq şəhərində həbs etdilər. Həmin vaxt o, yerli metallurgiya kombinatının tikintisində rəis müavini idi.

Sonralar jurnalist Lev Polonski o hadisənin şahidi olan Yevgeniya Vesnik ilə görüşüb həmin günün detallarını öyrənəcəkdi. Yevgeniya Vesnik Çingizin köhnə dostu, hərbi komissar, inqilabçı Yakov Vesnikin həyat yoldaşı, sonralar məşur Sovet aktyoru olacaq Yevgeni Vesnikin (1923-2009) anası idi. Yakovla Çingizi uzun illərin dostluğ bağlayırdı. Peterburqda bir yerdə təsil almış, “Ayvaz” zavodunda çalışmış, Azərbaycanda Sovet hakimiyyətinin qurucuları olmuşdular. Çingiz İldırım Azərbaycanın hərbi dəniz komissarı olanda, Yakov Vesnik də 11-ci Qızıl Ordunun İnqilabi Hərbi Şurasının üzvü idi. Sonralar Maqnitkada bir yerd işləmiş, indi də Krivy-Roq metallurgiya kombinatını tikirdilər. Onlar eyni evdə yaşayır, subay Çingiz İldırım tez-tez Vesniklərin süfrəsində şam edirdi.

Yevgeniya Vesnik xatırlayır ki, 3 formalı və kobud şəxs gəlir, evin altını üstünə çevirirlər. Çingizi aparanda o, özü ilə Kirovun imzayla bağışlanmış fotosunu götürmək istəyir - icazə vermirlər. Yakov Vesnik axşam evə gəlib hadisədən xəbər tutan kimi Moskvaya yollanmaq qərarına gəlir.

“- Çingizi həbs etdilər və onu xilas etmək niyyəti ilə Yakov Vesnik təyyarə ilə Moskvaya yollandı (O vaxt tikintinin öz təyyarəsi vardı). O, NKVD-yə, Yejovun yanına getdi və geri qayıtmadı”, - Yevgeniya Vesnik xatırlayırdı.

Ərinin ardınca onun özünü də həbs edirlər və azadlığına bir də Stalinin ölümündən sonra qovuşur.

***

Çingizi nədə ittiham edirdilər? Müstəntiqlər ittiham irəli sürərkən qətiyyən orijinallıq göstərməyiblər - standart, şablon ittihamlar səsləndiriblər. Məsələn, həmin vaxt Bakıda “əksinqilabçı trotskiçi təşkilat”ın üstü açılıb və həbs olunanlardan Çingiz İldırımın əleyinə ifadələr alınıb. Guya ki, Bakını 1930-cu ildə tərk etmiş Çingiz onlarla əlbir olub Sovet dövlətini devirəcəkmiş. Yaxud, Maqnitoqorsk metallurgiya kombinatının hansı çətin və sərt şəraitdə ərsəyə gəldiyini yuxarıda qeyd etdik: yanğınlar da olurdu, qəzalar da, material çatışmazlığı da. İndi isə obyektiv səbəbləri olan həmin çatışmazlıqları Çingiz İldırımın məqsədyönlü ziyankarlığı kimi qələmə verirdilər. Üstəgəl, onun danışıqlar üçün Almaniya və ABŞ-da olmasını da əleyhinə kompromata çevirirdilər: guya ki, Çingiz ABŞ-da Artur Mak-Ki tərəfindən casusluq işinə cəlb olunub.

Bütün bu ittihamların sağlam ağıldan nə qədər uzaq olduğunu görməmək çətin iş idi, ancaq 1937-ci ilin hadisələrində sağlam məntiq axtarmaq bundan da çətin işdi.

Bununla da Çingizin məşəqqətli türmə həyatı başlayır. Onu dindirmək üçün Dnepropetrovska aparırlar, təkadamlıq kamerada saxlayırlar. Bir müddət sonra Bakıya etap edirlər və Bayıl türməsinə salırlar. Sonra yenə Dnepropetrovska. Sonra yenə Bakıya. Nəhayət Bakıdan Moskvaya, Lefortovo türməsinə. Ən sonunda isə Çingiz o vaxtın ən qorxulu məhbəslərindən biri sayılan Suxanovo monastırındakı türməyə yollayırlar. Burada da onun izi itir.

Bakıda onun böyük qardaşı Cabbar və qardaşı qızı Mehparə yaşayırdı. Qoumun qohumdan imtina etməyə məcbur edildiyi o çətin illərdə onlar Çingizin müdafiəsinə qalxırlar: günahsızlığını sübut etməyə, saxlandığı dözülməz şəraiti yüngülləşdirməyə çalışırlar. Çingiz həbsdə olanda belə Mehparə otağından asılmış portreti - Çingizin amerikalı rəssam Rolf Stoll tərəfindən çəkilmiş şəklini çıxarmır.

Avqustun 6-da İldırım Dnepropetrovskdan Bakıya gətirilir. Mehparə əmisinin görüşünə gedir və ona ərzaq, paltar, məişət əşyaları, pul aparır. Əşyaların təhvil-təsliminə dair qəbzlər onların ailəsində bir relikviya kimi onillərlə saxlanılır. Məsələn, 4703 nömrəli qəbzdə məhbusa nazik, uzunluğu 1,5 metrdən, eni 1 metrdən böyük olmamaqla ədyal gətirilməsi göstərişi var.

Həmin qəbzlərdə Çingizin qısa qeyd-məktublarını da həyəcansız oxumaq olmur: “Əziz Mehparə! Pulu və əşyaları aldım. Çox minnətdaram. Başqa heç nə almaq lazım deyil. Sağlamam”. Yaxud: “Əziz Mehparə! Papağı, 15 manatı aldım. Yaxşıyam. Mənə sabun, diş məcunu, 2 fincan yollayın”.

Həmin ilin sonunda onu yenidən Dnepropetrovska aparırlar və Mehparə əmisinin ardınca yola düşür. O dövrdə Çingiz İldırım kimi məşhur siyasi məhbusla görüş almaq qeyri-mümkün idi. Ancaq Mehparə bu cür görüşə nail olur. Görünür, bu görüşə razılıq vermiş çekist köhnə kadrlardandı və ölkədə nələrin baş verdiyini soyuq ağılla anlayırdı, halbuki bu addımı ilə özünü risqə qoyduğunu da bilirdi.

Görüş 1938-ci ilin 3 yanvarında gerçəkləşir və Mehparə Bakıya, atasına teleqram yollayır: “Qardaşınızı gördüm. Sizi bərk-bərk bağrına basır. Mənə pul göndərin, rəisdən razılıq almışam”.

Bir müddət keçir, Çingizi yenidən Bakıya gətirirlər və o, 1939-cu ilə qədər Azərbaycan NKVD-sinin daxili türməsində, Bayıl türməsinin ümumi kamerasında saxlanılır. Sonra yenidən “istintaqın davamı üçün” əvvəl Dnepropetrovska, oradan da Moskvaya aparırlar. Bu məşəqqətli yerdəyişlərin özü də ağır işgəncə idi. Üstəlik buraya istintaq zamanı işgəncələri də əlavə edin. Ancaq fakt faktlığında qalır ki, Çingiz İldırım “SSRİ düşməni”, “trotskiçi” olduğunu boynuna almır və heç kəsin əleyhinə ifadə vermir.

***

Mehparə birbaşa Stalinə məktub yazır:

“Əziz Stalin yoldaş! Sizə dərin dərdimlə müraciət edib kömək istəyirəm. Mən əslən Qubadlıdanam və Krivoy-Roqda həbs olunmuş Çingiz İldırımın qardaşı qızıyam. Çox vaxt keçib, ancaq NKVD orqanları istintaqı hələ də bitirməyib və dayımı bir şəhərdən digərinə göndərməkdə davam edir.

Çingiz İldırım bütün ömrünü Sizə və partiyaya xidmətdə keçirib, gizli fəaliyyəti dövründə ən çətin və risqli tapşırıqları yerinə yetirib. Əksinqilabçılar arasında özünə çoxlu düşmən qazanıb və bu vicdanlı əmək adamını məhv etmək niyyətilə onlar müxtəlif donoslar yazırlar. Çingiz tamamilə günahsızdır, ancaq düşmənləri onun işini o qədər qarışdırıb ki, NKVD orqanları da kələfi aça bilmir. Sizdən xahiş edirəm, onun işini sürətləndirmək xahişimi yerə salmayasız. Əmim xain deyil, əksinqilabçı deyil və donosçular onu şərləyirlər”.

Oxşar məzmunlu məktublar Siyasi Büro üzvlərinə də göndərilir, ancaq heç kəsdən cavab gəlmir. Cabbarın həyat yoldaşı Olqa Moskvaya gələrək Beriyaya müraciət edir: “Mən Qafqazdan gəlmişəm və Moskvada Çingiz İldırımın saxlanıldığı türməni tapa bilmirəm”. O, İldırımın yerinin söylənilməsini və məhbusa pul, geyim əşyaları, ayaqqabı verilməsinə icazə xahiş edir. SSRİ NKVD-sinin qəbul olatığandan ona cavab gəlir: Çingiz İldırım Lubyankada saxlanılır.

Bakıda həkim işləyən böyük qardaş Cabbar da Moskvaya yola düşür, gah Kursk vağzalının istirahət otağında, gah tələbə yoldaşlarının mənzillərində gecələyir və Çingizin taleyini yüngülləşdirmək cəhdləri edir.

Müstəntiqlər isə Çingizin “cinayət işi”nə hətta 1920-ci illərlə bağlı epizodları da əlavə edirlər. O, bəy oğlu olduğundan, həmin vaxt növbəti “partiya təmizlənməsi” prosesində hətta partiyadan çıxarılması məsələsi müzakirə olunubmuş. Yəni, Çingiz sinfi mənsubiyyətinə görə proletar deyildi. Və ya Aprel inqilabından sonra o, bir çox çar generalları ilə əlaqə yaradaraq (o cümlədən, Mehmandarov və Şıxlinski ilə) onları Sovet ordusunda xidmətə cəlb etmişdi və s.

Azərbaycanda isə bir çox tanınmış bolşeviklər risqə baxmayaraq Çingiz İldırımın müdafiəsinə qalxırlar. Məsələn, qocaman bolşevik, inqilabi fəaliyyətini hələ 19-cu əsrin son illərində Bakıda başlamış V.Naneyşvili Azərbaycan Kommunist Partiyasının nəzarət komissiyasına yazır:

“Hörmətli yoldaşlar! Mən təsadüfən öyrəndim ki, yoldaş İldırım sizin tərəfinizdən məsuliyyətə cəlb olunub, ancaq hansı səbəbdən - bilmirəm. Onun barəsində bilgi verməyi özümə partiya borcu bilirəm. Yoldaş İldırımla Azərbaycanda çevrilişdən 2-3 ay əvvəl tanış olmuşam. O, hərbi limanın rəis köməkçisi olmaqla bizə bir çox qiymətli məlumatlar verib. Aprelin 27-si tarixi gecəsində o, hərbi donanmanı dənizə çıxarmağı və hökumətə təslim olmaq üçün ultimatum verməyi təklif edib”.

Digər bolşevik - Mirzə Davud Hüseynov həmin mətnə əlavə edir: “Yazılanları tam təsdiqləyirəm... Öz enerjisinə və əqidəsinə görə yoldaş İldırım bizim nadir yoldaşlarımızdandır”.

Bir azdan özləri də repressiyaya məruz qalacaq bolşeviklər Əliheydər Qarayev, Dadaş Bünyadzadə, Yakov Lukyanenko Qafqaz komissiyasına ünvanladıqları kollektiv məktubda yazırlar: “Yoldaş Çingiz İldırımın partiyadan kənarlaşdırılması yeni təsərrüfat quruculuğu dövründə inqilab işinə böyük ziyan vurardı. Onun partiyada saxlanmasının zəruriliyini qeyd etməyi vacib sayırıq”.

***

İstintaq zamanı sınmayan, əyilməyən Çingiz İldırımı əvvəlcə Lubyankadan Lefortovoya, sonra isə məxfi Suxanovo türməsinə köçürürlər. Bu türmə onun son dayanacaq yeri olur.

Suxanovo türməsində Çingizin həyatı barədə yeganə şahidlik edən şəxs Xarici İşlər Komissarlığının əməkdaşı Yevgeni Qnedindir (1898-1983). Məşhur sosial-demokrat Aleksandr Parvusun oğlu, diplomat və jurnalist Qnedin 1939-cu ildə həbs olunaraq 1 ildən çox Suxanovo monastırındakı türmədə saxlanılır. 1953-cü ildə qədər sürgündə olur və 3 il sonra bəraət alır. O, ömrünün sonlarında xatirələrini yazır və Çingiz İldırımın ömrünün son günlərindən də söz açır.

Yevgeni Qnedinin 1982-ci ildə işıq üzü görmüş “Türmənin kor dalanında. Suxanovo günləri” xatirələr kitabıdan:

“Mənim salındığım kamerada artıq başqa məhbus vardı. Əvvəl-əvvəl o, söhbətdən qaçırdı. Ondan harada olduğumuzu soruşanda lakonik cavab verdi: “Özünüz görürsüz…” Orada biz üz-üzə, hərə öz kətilində, kürəklərimizi divara söykəyərək otururduq. Başqa cür oturmaq mümkün də deyildi, böyrü isə oturmaq əlverişsizdi, gəzmək mümkün deyildi, uzanmağa isə yer yoxdu.

Mən maraqla gümüşü saçlı, kədərli və məzmunlu qara gözləri olan bu insanın yaraşıqlı, solğun sifətini nəzərdən keçirdim. Dərhal da onun sifətində mərdlik və zərif düşüncə adamlarına xas lirizmin ahəngini sezdim. O, Oktyabr inqilabının iştirakçısı, istedadlı mühəndis, ədəbiyyatın dərin bilicisi, uzun illər Kirova çox yaxın olmuş cəlbedici şəxsiyyət - Çingiz İldırım idi. Mən tibbi yardımdan çox, mənəvi yardıma ehtiyac duyurdum. Həmin yardımı mənə Çingiz İldırım göstərdi...

İldırımı 1937-ci ildə həbs etmişdilər. Biz görüşəndə o, artıq 2 ildən çox türmədə idi.

... Maqnitkanın rəisi olmuş Çingiz İldırım Orconikidze haqda, onun iş üslubundan söhbətlər edirdi... Onun Kirov barədə danışdıqları çox maraqlı idi. O, şübhələnirdi ki, bizə qulaq asırlar, ona görə də sonra təxribat və böhtan kimi əleyhinə istifadə edilə biləcək mövzulara toxunmamağa çalışırdı.

Biz 2 həftə bir kamerada olduq. Kədərli gün gəlib çatdı - onu əşyaları ilə birlikdə bayıra çağırdılar. Tələsik toparlandı, çox həyəcanlı idi, qarıya çatanda geri çevrildi və sağollaşdı. Həmişəlik onun ağappaq sifətini və kömür kimi qara gözlərini yaddaşıma həkk etdim...”

***

Fakt odur ki, əqidəli kommunist Çingiz İldırımı 2 illik işgəncələrlə sındıra bilmirlər. O, “günahları”nı boynuna almır, heç kəsə qarşı da ifadə vermir. Bu səbəbdən onun məhkəməsi qapalı keçirilir, heç nəyi sübut edə bilmədiklərinə görə ona ölüm hökmü yox, 10 il həbs hökmü çıxarılır.

Bütün bunlara baxmayaraq, Çingiz İldırımı güllələyirlər...

Məmməd Süleymanov

Ədəbiyyat:

Лев Полонский. «Чингиз Ильдрым»
Азад Шариф. «Начальник Магнитки»
Евгений Гнедин. «В тюремном тупике. Сухановские будни»


Müəllif:

Oxşar xəbərlər