2 Sentyabr 2019 15:23
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il ölkəmizin sosial-iqtisadi həyatında böyük uğurlarla, yeniliklərlə yadda qalan il kimi başlayıb və davam edir. İlin əvvəlində ölkə başçısının sərəncamları ilə minimum əməkhaqları və əmək pensiyaları artırılmışdı. İlin ikinci yarısında isə ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan növbəti addım olaraq yenə də minimum əməkhaqqının, digər sahələr üzrə əməkhaqlarının və əmək pensiyalarının artırılması istiqamətində yeni sərəncamlar imzalandı.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

O qeyd edib ki, bu sərəncamlar sentyabrın 1-dən qüvvəyə minib:

“Bu o deməkdir ki, vətəndaşlarımız sentyabr ayının əməkhaqqını artımla alacaqlar. Əməkhaqqının artırılması vətəndaşın sosial rifahına birbaşa öz təsirini göstərir. Əvvəlki sərəncamlardan fərqli olaraq bu sərəncamlarda əməkhaqları ayrı-ayrı sahələr üzrə yüksək faizlərlə – 20 faizdən 50 faizədək artırılır. Yəni, bu o deməkdir ki, sosial ədalət gözlənilir və hər bir sahədə çalışan işçiyə mütənasib qaydada əməkhaqqı ödəniləcəkdir.

Ümumilikdə, 4 milyon nəfərdən çox insanı əhatə edəcək sərəncamlar 4 milyard manatadək maliyyə tutumludur. Bu da təbii ki, ölkə iqtisadiyyatından daxil olan əlavə vəsaitlərdir və həmin vəsaitlər ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilir.

Bu onu göstərir ki, ölkə başçısının apardığı siyasətin təməlində sosial siyasət, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması dayanır. Təbii ki, bu son deyil. Ölkəmiz gücləndikcə, iqtisadiyyatımız inkişaf etdikcə belə addımlar davamlı və ardıcıl xarakter alacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər