“Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması ölkə başçısının İctimai iştirakçılıq haqqında sərəncamına əsasən Milli Məclis tərəfindən qəbul olunan qanunun tələblərindən irəli gələn məsələdir. Bu, Azərbaycanda təhsil sistemində yaradılan ilk İctimai Şuradır. Məqsəd cəmiyyət və Təhsil Nazirliyi arasında körpü rolunun təminatıdır. Təhsillə bağlı vətəndaşların etdiyi müraciətlər, o cümlədən, 11 nəfər üzvün bu məsələ ilə əlaqəli fikirləri İctimai Şurada səsləndiriləcək və yekun qərarın qəbulu Təhsil Nazirliyinin ixtiyarında olacaq”.
Bu sözləri Teleqraf.com-a Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın üzvü Nadir İsrafilov bildirib.
Ekspertin sözlərinə görə, qurumun təsisi Azərbaycanda təhsil sisteminin irəliləməsinə yardım göstərəcək:
“İctimai Şuraya namizədlərdən çoxsaylı müraciətlərin olmasına baxmayaraq, onların arasından 11 nəfər seçildi. Bu heyət ölkənin təhsil sistemində sayılıb seçilən şəxslərdən formalaşdırıldı. Yeni tədris ilinin başlanması və başqa tədbirlərlə əlaqədar İctimai Şuranın hələlik ilk yığıncağı olmayıb. Yaxın günlərdə şuranın ilk iclası nəzərdə tutulur.
İlk iclasda qurumun sədri, katibi və müavinləri seçiləcək, üzvlərin görəcəyi işlər, toplantıların reqlamenti müzakirə və qəbul olunacaq”.
Nadir İsrafilovun sözlərinə görə, təhsillə bağlı müraciətlərdə daha çox birinci sinfə qəbul, rus bölməsi üzrə müəyyən məhdudiyyətlərin qoyulması, müəllimlərin işə qəbulu, yerlərdə dərs bölgüsünün qanunvericilik çərçivəsində həll olunmaması, diaqnostik qiymətləndirmə, diplomların tanınmaması, məktəblərdə psixoloji xidmətin təşkili, psixoloqların əməkhaqqı məsələləri yer alır:
“Bu və digər məsələlərin həlli istiqamətində şura üzvləri aktiv fəaliyyət göstərəcək, fikir və rəylərini bildirəcəklər”.