“Avtomobil uzun müddət istismar üçün nəzərdə tutulan bahalı və mürəkkəb qurğudur. Onun detallarında hər hansı dəyişikliyə yol vermək olar. Hərçənd müasir avtomobillərin mühərriklərinin detallarında dəyişikliklər mümkündür. Sadəcə dəyişilən detallar, aqreqatlar müasir texniki tələblərə, dünyada qəbul olunmuş qanuni normativlərə uyğun gəlməlidir. Texniki təhlükəsizlik, istismara yararlılıq məsələlərinə riayət olunmalıdır”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında avtomobil üzrə ekspert Ərşad Hüseynli bildirib.
Onun sözlərinə görə, bu məsələdə alıcıların da üzərinə böyük məsuliyyət düşür: “Avtomobil alıcıları bu məsələdə çox diqqətcil və məsuliyyətli olmalıdırlar. Problemli halların qarşısını almaq üçün avtomobil hissələrinin diaqnostikasını bilən mütəxəssislər yetişdirmək lazımdır.
Avtomobilləşmə baxımından dünya ölkələrinin müxtəlif yanaşması var. Sənayesi güclü inkişaf etmiş, öz avtomobil bazarını özü təmin edən ölkələrdə daha çox yeni avtomobillərə üstünlük verilirsə, avtomobillləşməyə təzə başlamış ölkələrdə, o cümlədən Azərbaycanda ikinci əl avtomobillərin alışına daha çox diqqət yetirilir.
Bəzən avtomobil alınır, bir müddət sonra avtomobilin ən vacib hissələrindən tutmuş kiçik detallarına qədər texniki nasazlıq başlayır”.
Ərşad Hüseynlinin fikrincə, Gürcüstan vasitəsilə nasaz maşınların keçməsinə həmyerlilərimiz də şərait yaradır:
“Gürcüstandakı işbazlar belə tip avtomobillərin ən çox azərbaycanlıların müştərisi olduğunu bilir. Ona görə də onları rahat şəkildə satışı mümkün olur. Şübhə yoxdur ki, bu məsələdə gürcü satıcılara bəzi azərbaycanlılar da yardım edir. Bu məsələdə alıcılar gözüaçıq olsalar, alınan maşınlar geri qaytarılsa bu kimi halların qarşısı müəyyən qədər alınar”.
Ərşad Hüseynli bildirib ki, avtomobil satışında ən çox bu məsələlərdə aldadılma olur: “Avtomobillərdə yürüş məsafəsi, il məsələsində aldadılma olur. Maşının işlədiyi müddət 5 ildirsə, onu 2 və ya 3 il işləyən maşın kimi satışa çıxara bilərlər”
Ərşad Hüseynli satışlarda avtomobillərin ban nömrələrinin başqa nömrələrlə əvəz olunub yeni maşın nömrəsi kimi təqdim etmələrindən də danışıb:
“Avtomobilin ban nömrəsini dəyişmək çox çətindir. Amma təəssüf ki, bu hallar da mövcuddur. Bu kimi halların aşkarlanması peşəkarların üzərinə düşür. Bu məsələni hüquq-mühafizə orqanları da araşdırmalıdır. Digər tərəfdən ban nömrəsi ilə avtomobili beynəlxalq səviyyədə izləməyi mümkün edən dünyada qəbul olunmuş sistem var. Bununla avtomobilin satışa çıxaran ölkədən əvvəl hansı ölkədə olduğu, istifadə müddəti və başqa məsələləri təyin etmək olur”.