14 Oktyabr 2019 13:50
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Nizami Gəncəvi adına adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova nəşriyyatların kütləvi ədəbiyyat çap etməsinə irad bildirib. O, nəşriyyatları seçim etməyə, öz brendini qorumağa çağırıb.

Teleqraf.com tanınmış nəşriyyat sahiblərindən məsələyə münasibət öyrənib.

Şahbaz Xuduoğlu (“Qanun” nəşriyyatı)

Ədəbiyyat elə kütləvi olmalıdı. Bəyəm nəşriyyatlar yalnız elmi ədəbiyyat çap etməlidi? Azərbaycan elmi hansı səviyyədədir ki?.. Buna baxmayaraq biz elmi ədəbiyyat da, kütləvi ədəbiyyat da çap edirik.

Bizim nəşrlərimizdə tərcümə ədəbiyyatı üstünlük təşkil edir. Daha doğrusu, elmi-populyar ədəbiyyat da nəşr edirik. Hərə öz sahəsinə uyğun kitabı seçir, onu da oxuyur. Nəşriyyatları kütləvi ədəbiyyat çap edir deyə qınamaq düzgün deyil.

Biz fəlsəfi, tarixi, uşaq ədəbiyyatı, mətbəx kitabları, dini ədəbiyyat, bir sözlə, bütün sahələrdən bəhs edən kitablar çap edirik. Konkret hansısa əsərlə, kitabla bağlı mübahisə, fikir ayrılığı varsa, bunu da normal qarşılamalıyıq.

Avropa Naşirlər Assosiasiyası var. Onlar 80 ölkədə araşdırma aparıblar. Bəlli olub ki, 31 ölkə ümumiyyətlə kitaba heç bir vergi tətbiq etmir. Digər 31 ölkə isə kitaba güzəştli vergi tətbiq edir. Məsələn, 4-5 faiz vergi. Ən çoxu 7 faiz vergidi. Məsələn, Türkiyədə keçən il kitaba olan vergi 7 faiz təşkil edirdi. O vergini də aradan qaldırdılar. 17 ölkədə isə hər şeyə vergi tətbiq olunur, nəinki kitaba. Bu 17 ölkənin içərisində Azərbaycan da var. Gürcüstanda bu sahədə ümumiyyətlə vergi yoxdur. Nə kağız istehsalına, nə də kitab istehsal edən avadanlıqlara vergi tətbiq olunur.

Azərbaycanda isə kitabın üzərində ikiqat vergi var. Həm, kağıza həm də kitab satışına vergi tələb olunur. Məsələn, xaricdə kitab çap edirsən, kitabı ölkəyə gətirmək üçün də vergi ödəyirsən. Kitabın üzərində vergi yükü çoxdu. Ona görə də yaxşı olardı ki, vergilər götürülsün. Vergilər götürülsə, nəşriyyat sahəsində böyük imkanlar yaranacaq. Kitabların sayı və çeşidi artacaq, ən nəhayət, yazıçılara normal şəkildə qonorar veriləcək.
Bir məyusedici faktı da qeyd edim, bu yaxınlarda bəlli oldu ki, 4-5 il əvvəl Azərbaycanda 4 mindən çox kitabxana vardı. Son statistik məlumatlara görə, yalnız 2400 kitabxana saxlanılıb. 4000-dən çox kitabxana fəaliyyətini dayandırıb. Səbəb kimi onu göstərirlər ki, kitabxanaların vəziyyəti acınacaqlıdı. Əgər acınacaqlıdırsa, niyə təmir olunmasın?

Özü də kitabxanaların fəaliyyəti əsasən rayon və kənd yerlərində dayandırılıb. Deyirik ki, kənddən şəhərə axın var. Kənddə yeganə əyləncə və mədəniyyət mərkəzi kitabxanalar, yaxud klublardır. Hətta kitabxanalardan kirilcə kitablar da yığışdırılıb. Zənnimcə, bu da düz deyil. 70 ilə yaxın idi ölkədə kirilcə kitablar çıxırdı. Bu həm də tarixdi, mədəniyyətin bir parçasıdı. O kitablar niyə yandırılıb məhv edilməlidi?

Bir faktı da deyim, Azərbaycanda 35 milyon kitab fondu var. Bu göstərici Ermənistandan xeyli aşağıdır. Bizim milli kitabxanada 4 milyon kitab var. Amma Ermənistanın milli kitabxanasında 6 milyon 600 min kitab olduğu bildirilir.
Gürcüstanda hər min adama 17 min 700, Azərbaycanda hər min adama 500 kitab düşür. Mənə elə gəlir, “Azərbaycanda kitab bolluğu var, kütləvi kitablar çap olunur” deyənlər getsinlər kitabxanalardan soruşsunlar ki, sonuncu dəfə nə vaxt yeni kitablar qəbul ediblər... Mən soruşmuşam. 2006-cı və 2007-ci illərdə yeni kitab qəbulu olunub. O da Prezidentin sərəncamı ilə kitablar pulsuz paylanılıb.

Bir-iki özəl nəşriyyat təzə inkişaf eləməyə başlayıb. Necəsi ayağa durmaq istəyirlər. Əhalinin marağını kitaba cəlb eləmək istəyirlər. Dərhal onun üstünə düşürlər ki, kütləvi ədəbiyyat nəşr edirsiz. Elmi ədəbiyyat harda kütləvi şəkildə nəşr olunur ki?

Kütləvi alınan kitablar çap olunmasa, nəşriyyat yaşaya bilməz.

Rasim Qaraca (“Alatoran” nəşriyyatı)

“Alatoran” nəşriyyatının öz xətti var. Biz intellektual ədəbiyyata üstünlük veririk. Kitablarımız qazanc gətirməyə bilər, lakin bu, bizi tutduğumuz yoldan çəkindirmir.

İllər keçdikcə kitablarımızın tərcümə və redaktəsinin daha mükəmməl olmasına çalışırıq. Ticari məqsədlə tələm-tələsik kitab çap etmək istəmirik. Əlbəttə, ölkəyə gətirilən kağıza və çap məhsullarına güzəşt olsa, imkanlarımız daha da genişlənər. Ən azından, uşaq ədəbiyyatı vergidən azad olunmalıdır.

Müşfiq Xan (“Hədəf” və “Xan” nəşriyyatı)

Özəl nəşriyyatların ayaqda qala bilməsi üçün dünya bestsellerlərini nəşr eləməsi qaçılmazdır. Amma bu o demək deyil ki, milli ədəbiyyat, klassiklər, Azərbaycan ədəbiyyatının digər dillərdə nəşr olunmasını ikinci planda saxlamaq lazımdı.

Hər nə olur-olsun bunu həmişə diqqət mərkəzində saxlamağa çalışırıq. Azərbaycan ədəbiyyatının ingiliscə nəşri, “Xatirə ədəbiyyatı” silsiləsi, yerli müəlliflərlə bağladığımız müqavilələr, “İlk kitab” silsilələrimiz və digərləri indi də davam edir və belə layihələrdə heç vaxt kommersiya maraqlarımız olmayıb. Baxmayaraq ki, bu silsilələri təsis edəndə də, indi də yüksək satış vəd edəcəyini gözləmirdik, gözləmirik.

Əlavə dəyər vergisi isə çox təəssüf, yolumuzdakı ən böyük daş, ən yorucu keçilməzlərdən biridir.


Nadir Məmmədov (“Elm və Təhsil nəşriyyatı”)

Biz əsasən elm və təhsil sahəsinə aid kitabları çap edirik. Digər nəşriyyatları brendləşməməkdə qınamaq olmaz. Onlar dolanmaq və nəşriyyatı ayaqda saxlamaq üçün məcburdurlar ki, kütləvi kitabları çap etsinlər.

Çünki kitaba ƏDV aradan qaldırılmadıqca bu problemlər həmişə olacaq. Azərbaycanda dövlətin maliyələşdirdiyi nəşriyyat ümumiyyətlə yoxdu. Əvvəllər tədris kitabları çap edən “Maarif” nəşriyyatı vardı, dövlət tərəfindən maliyələşdirilirdi. Daha sonra dayandırıldı. Öz hesablarına nəşriyyatı ayaqda saxlayırlar. “Azərbaycan” dövlət nəşriyyatında da vəziyyət yaxşı deyil.

Bizim nəşriyyatlarda bir qüsur da var. Dünya ədəbiyyatında sağ olan yazıçıların əsərləri qanun çərçivəsində icazə alınmadan tərcümə olunur. Bu, yazıçıya qarşı hörmətsizlikdi. Klassik ədəbiyyatımızın yenidən çapı zamanı da eyni addımlar atılır, varisdən icazə alınmır.


Müəllif: Dəniz Pənahova