23 Oktyabr 16:30

2019-cu ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 16871,2 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz və yaxud 780,6 mln. manat çoxdur.

Bu barədə Teleqraf.com-a Maliyyə Nazirliyindən məlumat verilib. Nazirlik 2019-cu ilin gəlirlərinin ötən illə müqayisədə çox olduğunu açıqlayıb:

“Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5608,5 mln. manat məbləğində daxilolmalar təmin edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz və ya 302,6 mln. manat çoxdur.

Həmin vəsaitin 70,0 faizi və yaxud 3928,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 438,6 mln. manat və ya 12,6 faiz çoxdur.

2019-cu ilin doqquz ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3250,1 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,0 faiz və yaxud 649,7 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 377,2 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz və ya 55,7 mln. manat çoxdur.

Sair daxilolmalar üzrə büdcəyə 99,4 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 mln. manat və ya 32,9 faiz çoxdur .

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 7536,0 mln. manat vəsait transfert edilib.

2019-cu ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 6465,7 mln. manat icra olunub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 190,4 mln. manat və ya 3,0 faiz çoxdur”.


Müəllif: Teleqraf.com