2 Noyabr 2019 18:30
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlıdır.

Teleqraf.com xəbər verir ki, bu fikri Yaponiyanın Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq üzrə dövlət naziri Yoşitaka İto Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Fərid Talıbovla görüşdə deyib.

Görüşdə F.Talıbov bildirib ki, Azərbaycan ilə Yaponiya arasında qeyri-enerji sektorunda, o cümlədən kiçik və orta biznes sahəsində əməkdaşlığının genişləndirilməsi, Azərbaycanın tranzit potensialından, xüsusən də Transxəzər beynəlxalq nəqliyyat marşrutundan istifadə edilməsi hər iki tərəf üçün faydalı olar. Xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən birini təşkil edə bilər.

Qeyd olunub ki, Yaponiyanın “HIS Co. Ltd” şirkəti ilə “Şirin” qənnadı fabriki, “Herba Flora” şirkəti və Bakı Limanı arasında böyük layihənin həyata keçirilməsi planlaşdırılır. Həmin layihəyə əsasən Yaponiyanın “Maça” məhsulu ilə Azərbaycan şokoladından hazırlanacaq şirniyyat, həmçinin Yaponiya istehsalı olan xüsusi çay növləri ölkəmizdə qablaşdırılacaq. Layihə çərçivəsində Yaponiyanın, o cümlədən Mie prefekturasının kənd təsərrüfatı məhsullarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə dünya bazarlarına daşınması nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Yaponiya arasında enerji sahəsində sıx əməkdaşlıq qurulub. Hazırda isə qeyri-enerji sektorunda həyata keçirilən bu cür layihələr iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin yüksəldilməsi üçün yaxşı imkanlar açır.

F.Talıbov həmsöhbətinin nəzərinə çatdırıb ki, Azərbaycanda istehsal olunmuş digər məhsulların, o cümlədən şərabların, nar şirəsinin və digər kənd təsərrüfatı məhsullarının Yaponiyaya ixracı üçün yaxşı imkanlar mövcuddur.

Ətraflı məlumatlara görə təşəkkürünü bildirən dövlət naziri Yoşitaka İto Yaponiyanın Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini qeyd edib. Bildirib ki, o, ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına dəstək verməyə hazırdır.

Həmin gün Yaponiya şirkətlərinin nümayəndələri ilə görüşən F.Talıbov deyib ki, noyabrın 21-də Tokioda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 10-cu iclası keçiriləcək. Azərbaycan iqtisadiyyatı, o cümlədən kənd təsərrüfatı sahəsi ilə daha yaxından tanış olmaq üçün Yaponiya şirkətlərinin nümayəndələri həmin iclasa dəvət edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər