“Hələ ki düşüncəmiz yerindədir. Bir az ayağımda problemlər var. Həkim nəzarətindəyəm və tez-tez tibbi müayənələrdən keçirəm. Bir ay kurs keçəcəyəm, hər şey düzələcək. Bizim xəstəliyimiz insanlara maraqlı deyil...”
Bu sözləri Teleqraf.com-a Xalq şairi Ramiz Rövşən səhhətindən danışarkən deyib.
O, əməkdar artist Xumar Qədimovanın İmadəddin Nəsiminin “Neylərəm” adlı şeirinə həsr etdiyi mahnısına da münasibətini açıqlayıb: “Onun ifasını dinlədim və zövq aldım. Bu il Nəsiminin 650 yubiliyi qeyd olunur. Bu əsər Nəsimi ilinə həsr edilmiş uğurlu işlərdən biridir. Xumar xanımın ruh doğmalığı var. O mahnıda da özünü göstərir. Ümumiyyətlə, Xumar xanımın mahnılarının dinləyicisiyəm.
Mahnılarında səmimiyyət var, hisləri yaşayır. Şeir də elədir, adam var oxuyur, adam var yaşayır”.
Xalq şairi İmadəddin Nəsiminin şeirlərinə yazılmış mahnı oxuyan əməkdar artist Sevda Ələkbərzadənin də ifası haqda danışıb: “Sevda Ələkbərzadənin ifalarını çox sevirəm. Yaxın günlərdə Çingiz Ələkbərzadənin "Zindan" adlı kitabının təqdimat mərasiminə qatılmışdım. Orada da Sevda xanım ifaları ilə qəlbləri oxşadı. Xumar ilə Sevda çox fərqli müğənnilərdir. Hər ikisi özünü ifadə edir və onlarda öz “mən” başlanğıcı var”.
Afət Fərmanqızının “Sığmazam” qəzəlinə mahnı oxumasını isə şair belə qarşılayıb: “Bu, faciə deyil, amma Nəsimin qəzəlinə oynamaq mənə qəribə görünür. Nəsimidən heç nə getmir və ona görə də qırğın etməyin mənası yoxdur. Avropada da ən böyük sənət əsərlərini qeyri-ciddi sintez olunur. İmadəddin Nəsimi ruhu başqadır” .
Akif İslamzadənin “Qadınların yeri cəhənnəmdir” fikrinə Ramiz Rövşən belə şərh verib: “Qadınların yerinin cəhənnəm olduğunu deyə bilmərəm. Siz cəhənnəmlə cənnəti görmüsüz? Bilirsiz hansı maraqlıdır? Bilmirsiz axı. Qadınlar kişinin başının tacıdır. Əgər qadınların yeri cəhənnəmdirsə, o zaman kişilər birbaşa cəhənnəmə düşəcəklər”.
Fotolar: Pərviz Həşimi