Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Yasamal Rayon İcra Hakimiyyətində mülki müdafiə sahəsində cari ilin yekunu və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirib.
FHN-dən bildiriblər ki, tədbirin keçirilməsində məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədə problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, sözügedən sahə ilə bağlı biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması, həmçinin payız-qış mövsümü ərəfəsində yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, mövcud problemlərin müzakirəsi və onların həlli yollarının tapılmasından ibarət olub.
Toplantıda Yasamal Rayon İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının, eləcə də rayonun təsərrüfat və digər xidmətlərinin, təhsil, səhiyyə müəssisələrinin, qaz, elektrik enerjisi və su təchizatı rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatları və digər aidiyyəti obyektlərin rəhbərləri, o cümlədən FHN Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elçin Rzayev mülki müdafiə işinin təşkili, eləcə də yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilən tədbirlərin əhəmiyyətini və bu sahədə mövcud problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə “Rayonda mülki müdafiə işinin təşkili sahəsində görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr”, “Rayonda xəbərdarlıq sistemlərinin vəziyyəti”, “Rayonda mühəndis mühafizəsinin vəziyyəti” və “Rayonda kimyəvi mühafizənin vəziyyəti” mövzularında çıxışlar edilib. Çıxışlar zamanı rayon ərazisində yerləşən müxtəlif obyektlərin balansında olan xəbərdarlıq sistemləri, kollektiv mühafizə qurğuları və fərdi mühafizə vasitələrinin vəziyyəti, bu sahədə mövcud olan çatışmazlıqlar və onların həlli ilə bağlı məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Toplanış zamanı rayonun mənzil-kommunal təsərrüfatı birliyi və digər aidiyyəti obyekt rəhbərləri tərəfindən mülki müdafiənin təşkili ilə bağlı problemlərin həlli istiqamətində həyata keçirilməsi nəzərdə tutulmuş işlər barədə məlumat verilib.
Payız-qış mövsümü ərəfəsində yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin müzakirə olunduğu müşavirədə FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin və Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri müvafiq olaraq “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxışlar ediblər. Çıxışlarda Bakıda 2018-ci və 2019-cu illərin doqquz ayında baş vermiş yanğın və dəm qazı zəhərlənmələrinin müqayisəli statistikası, eləcə də yanğınların başvermə səbəbləri barədə məlumat verilib, onlardan qorunma yolları barədə praktik tövsiyələr səsləndirilib.
Rayonun Enerji Təchizatı və Satışı İdarəsinin, Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi Texniki İstismar Xidmətinin, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Rayon Polis İdarəsinin, Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının əməkdaşları müvafiq olaraq “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar ediblər.
Müşavirədə məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.
Toplantıda çıxış edən FHN Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik Elnur Qasımov mülki müdafiə sahəsində mövcud olan problemlərin həllinin vacibliyini vurğulayıb, yanğın və dəm qazı zəhərlənmələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışaraq, yanğın təhlükəsizliyinin təmin olunması və bu sahədə aidiyyəti qurumların birgə fəaliyyətinin təşkili ilə bağlı tövsiyələr verib.
Sonda tədbirlərə səslənən və rayonda mülki müdafiə və yanğın təhlükəsizliyi sahəsində mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti xidmət və obyekt rəhbərlərinə müvafiq tapşırıqlar verilib.