7 Noyabr 2019 15:17
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərkitab” mərkəzində "Qarabağ Azərbaycandır" adlı rəsm əsərlərindən ibarət sərgi açılıb.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyi, YAP-in Yasamal Rayon Təşkilatı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Yazıçılar Birliyi, Milli QHT Forumu və 16 qeyri-hökumət təşkilatının dəstəyi ilə keçirilən tədbir Bayraq Gününə həsr olunub.

Qarabağın uğrunda şəhid olan qəhrəmanların təsvir edildiyi sərginin açılışında Türkiyənin terrorla mübarizəsi də unudulmayıb.

Sərgiyə qatılan rəssamlar əsgər salamı verərək Türkiyənin “Sülh çeşməsi” əməliyyatını dəstəkləyiblər.

Sərginin açılışında iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan Qarabağın bütün Türk dünyasının yarası olduğunu söyləyərək Azərbaycan bayrağının tezliklə Qarabağda dalğalanmasını arzu edib: “Azərbaycanın dərdi dərdimiz, sıxıntısı sıxıntımız, kədəri kədərimiz, sevinci sevincimizdir. İşğal altındakı torpaqlar azad edilənə qədər Türkiyə Ermənistana qarşı mübarizədə Azərbaycanın yanında olmağa davam edəcək”.

Hüseyn Altınalan çıxışında Türkiyənin yaxın günlərdə PKK/YPG terror təşkilatına qarşı Suriyanın şimalında əməliyyat keçirdiyini xatırladaraq türk əsgərinə dəstək istəyib. Müşavirin istəyi əsərləri ilə sərgidə iştirak edən rəssamlar tərəfindən alqışlarla qarşılanıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssamlar əsgər salamı verərək Türkiyə ordusuna dəstək olduqlarını nümayiş etdiriblər.

Sonra sərgiyə baxış olub. Sərginin layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərovadır.


Müəllif: Nərgiz

Oxşar xəbərlər