8 Noyabr 2019 12:13
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının qərargahında partiyanın Gənclər Birliyinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş “Hər rəngində mən varam” adlı sənədli filmin təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, əvvəlcə dövlət bayrağına həsr olunmuş qısa videorolik nümayiş olunub.

Çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib:

“Mən əvvəlcə noyabrın 9-da qeyd olunacaq bu şərəfli gün münasibətilə sizləri təbrik edirəm. Bayraq bir dövlətin qürür mənbəyi, simvoludur. Biz hər hansı səfərə getdiyimiz zaman Azərbaycanı özümüzlə apara bilmirik, yalnız bayrağımızı aparırıq. Hər hansı bir dövlətdə olanda biz bayrağımızı görəndə ürəyimiz dağa dönür. Bununla fəxr edirik. Bayrağımız bizim qürurumuzdur. Dövlətimiz də bayrağa hər zaman hörmət və sevgi ilə yanaşıb. Dövlət başçımız andiçmə mərasimində bayrağımız qarşısında diz çökərək, bayrağı öpərək ona sevgisini, rəğbətini ifadə edir. Əsgərlərimizi son mənzilə də uğrunda şəhid olduqları Azərbaycan bayrağını ilə yola salırıq”.

Seymur Orucov qeyd edib ki, gənclərdə bayrağımıza bundan sonra da sevgi olmalıdır:

“Mən tədbirdən öncə izlədiyimiz videorolikdən bir az duyğulandım. Duyğulandıqdan sonra çıxış etmək çətin olur. Bir insanda bayrağa sevgi başlayırsa deməli dövlətə, dövlətə sevgi başlayırsa deməli xalqa, prezidentə sevgi yaranacaq. Bu gün dünyanın 150-yə yaxın dövlətində bayrağımız dalğalanır. Anım günləri, hansısa etiraz aksiyaları olanda azərbaycanlılar Avropa Parlamentində, BMT-nin, Ağ evin qarşısnda Azərbaycanın bayrağını əllərinə alaraq ölkəmizi müdafiə edirlər. Bayrağımızla, onun simvolları ilə hər birimiz fəxr etməliyik və edirik”.

YAP Gənclər Birliyinin fəalları Balacaxanım Hüseynova şair Ramiz Qusarçaylının “Azərbaycan bayrağı”, Toğrul İsmayılzadə isə xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini səsləndirib.

Sonda “Hər rəngində mən varam” adlı film təqdim olunub.


Müəllif: Səxavət