"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi tələbə adını qazanan kəlbəcərli abituriyentlərlə görüş keçirib.
Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, birlik öz ənənəsinə sadiq qalaraq Kəlbəcər rayonundan olan və ali məktəblərə daxil olan gənclərlə görüşüb.
Tədbirdə Prezident Administirasiyasının məsul əməkdaşı Aqşin Əliyev, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədr müavini Həbib Misirov və digərləri iştirak ediblər. Tədbirə qatılan və bu il tələbə adını qazanan 300 nəfərdən artıq şagird müxtəlif hədiyyələrlə mükafatlandırıb.
Tədbirdə çıxış edən ziyalılar "Aşıq Şəmşir" Mədəniyyət Ocağının bu fəaliyyətini yüksək qiymətləndirib, belə tədbirlərin gənclər üçün stimul olduğunu vurğulayıblar.
Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov öz çıxışında rayon gənclərinin bugünki uğurlarından, onların təhsildə və digər sahələrdə əldə etdikləri nailiyyətlərdən danışıb. O, orta məktəbi bitirib, təhsillərini müxtəlif elm- təhsil ocaqlarında davam etdirən bütün kəlbəcərlilərini təbrik edərək, onlara dövlətçiliyimizin keşiyində sədaqətlə durmağı və təhsillərində uğurlar qazanmalarını arzuladı.
Birliyin sədr müavini H.Misirov gənclərə birliyin sədri Qənbər Qurbanovun və millət vəkili Cavid Qurbanovun təbriklərini çatdırıb. O, öz çıxışında Azərbaycan dövlətinin gənclər siyasətindən danışıb.
Sonda təşkilat tərəfindən tələbə adını qazanan bütün abituriyentlərə qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.
BƏXTİYAR