“İcbari tibbi sığorta (İTS) haqqı muzdlu işçilərin maaşından tutulacaq. Bu zaman əmək haqqının 2 faizi işçidən, 2 faizi isə işəgötürəndən olmaqla cəmi 4 faiz ödəniş tələb ediləcək. Qanuna əsasən, xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissə üzrə tibbi xidmətlər (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) dövlət büdcəsi hesabına göstəriləcək”.
Bu sözləri Teleqraf.com-a iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, məqsəd hər bir vətəndaşın icbari tibbi sığortadan istifadəsini təmin etməkdir: “İcbari tibbi sığorta dövlət üçün maliyyə məsuliyyəti formalaşdırdığı kimi, işləyən vətəndaşlar üçün də ödəniş imkanları deməkdir”.
Vüqar Bayramovun sözlərinə görə, işləyən şəxslərin icbari tibbi sığorta üçün ödəniş etməsi dünya praktikasında var: “Burada elə bir rəqəmin seçilməsinə ehtiyac var ki, həmin ödəniş vətəndaş üçün əlavə yükə çevrilməsin”.
Ekspert qeyd edib ki, bu qərar səhiyyə işçilərinin maaşlarına da müsbət təsir edəcək. İTS-nin tətbiq edildiyi ölkələrdə həkimlər daha yuxarı məbləğdə maaş ala bilirlər.
Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, İTS üçün büdcədən ayrıca məbləğ ayrılmalıdır: “Ölkədə əmək haqlarının yüksək olmadığını nəzərə alsaq, fikrimcə, bu, vətəndaşlara çətinliklər yaradacaq”.
Onun sözlərinə görə, mövcud qaydalara əsasən təqaüdçülər, əlillər, uşaqlar, tələbələr, işsizlik statusu olan şəxslər icbari tibbi sığorta ödənişi edə bilməyəcəklər.
Qeyd edək ki, icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi məqsədilə ötən ilin sonlarında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib və ölkə başçısı tərəfindən “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalanıb.
Qanuna əsasən, xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissə üzrə tibbi xidmətlər (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) dövlət büdcəsi hesabına göstəriləcək.
Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir.
Aysel Azad