19 Sentyabr 2014 14:10
1 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “Təhlükəsiz iş həftəsi” çərçivəsində iş yerlərində əmək qanunvericiliyinə, habelə əməyin mühafizəsi qaydalarına əməl olunması vəziyyətinin yerindəcə araşdırılması məqsədilə sentyabrın 19-da növbəti yoxlamalar aparılıb.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlamalar zamanı “Alpina” MMC və “Qaraçay” MMC-yə məxsus tikinti obyektində çalışan işçilərin onların həyat və sağlamlığı üçün təhlükəli olan, bədbəxt hadisələrin baş vermə riskinin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi, əməyin mühafizəsi qaydaları və normalarının ciddi şəkildə pozulduğu bir şəraitdə işlədikləri aydın olub. Həmçinin təhlükəli iş şəraitində işləmələrinə baxmayaraq, işçilər əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmayıblar. Bununla yanaşı, işçilərin əksəriyyətinin işəgötürənlə əmək münasibətləri rəsmiləşdirilmədən qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb olunduğu, onların əməyinin qiymətləndirilməsi və ödənilməsinin, iş vaxtı müddətlərinin müəyyən edilməsinin qanunvericiliyə zidd formada həyata keçirildiyi aşkar edilib.

Aşkar edilən hüquq pozuntularına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 229-cu maddəsinə uyğun olaraq, bu tikinti obyektlərində işlər nöqsanlar aradan qaldırılan vaxtadək dayandırılıb. Bununla yanaşı, əməyin mühafizəsi qayda və normalarının kobud şəkildə pozulduğu, işçilərin qeyri-qanuni işə cəlb edildiyi barədə DƏMX tərəfindən şirkətin rəhbərliyinə müvafiq göstərişlər verilib və müvafiq qaydada protokol tərtib edilib.

DƏMX tərəfindən son vaxtlarda həyata keçirilən tədbirlər iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, o cümlədən əməyin mühafizəsi sahəsində müsbət meyllərin formalaşmasına səbəb olub. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi, sentyabrın 15-dən 21-dək “Təhlükəsiz iş həftəsi”nin elan edilməsi ayrı-ayrı iş yerlərində, o cümlədən tikinti sektorunda əməyin mühafizəsi qaydalarına əməl olunması sahəsində hələ də mövcud olan nöqsanların aradan qaldırılmasına yönəlib. Həftə çərçivəsində DƏMX aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iş yerlərində, xüsusən tikinti və istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyətinin yerindəcə araşdırılması üçün yoxlamalar aparır. İşçilərin əməyinin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu, onların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinin olduğu iş yerlərində işlər təhlükəsiz əmək şəraiti yaradılanadək dayandırılır.

Naibə


Müəllif:

Oxşar xəbərlər