10 Yanvar 2020 13:39
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il yanvarın 1-dən Azərbaycanda daşınmaz əmlakın icbarı sığortalanmasına başlanılıb. Sığorta haqqı ödənilmədiyi halda vətəndaşlar cərimələnəcək. Bu isə vətəndaşların əksəriyyəti üçün böyük sual doğurur.

Bu barədə Teleqraf.com-a sığorta üzrə ekspert Kamran Babayev açıqlama verib.

Onun sözlərinə görə, vətəndaşların mülkiyyətində və ya faktiki sahibliyində olan daşınmaz əmlaklar sığortalanmalıdır: “Mülkiyyətində olan ev, mənzil o deməkdir ki, çıxarışı var. Faktiki sahiblik isə burada tikinti şirkətləri tərəfindən müdaxilə, order ola bilər. Yəni şəxs hər hansı müqavilə və ya sənəd əsasında əmlaka sahiblik edirsə o sığortalamalıdır”.

Ekspert bildirib ki, əhali əmlakını sığortalamaqda maraqlı deyil: “İnsanlar sığortaya hələ də etibar etmirlər. Sadəcə cərimələnməsinlər deyə sığortalayırlar. Nadir hallarda sığorta üçün könüllü müraciət edənlər olur”.

Kamran Babayev qeyd edib ki, cərimələr 20 gün müddətində ödənilməlidir: “Daşınmaz əmlakın sığortası olmadıqda, fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir. Vətəndaşa sığorta əldə etməsi üçün 20 gün vaxt verilir, əks halda yenidən cərimələnəcək”.

Xatırladaq ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər