Ötənlərdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin ailəsini Türkiyəyə gətirməyə cəhd etməsi ilə bağlı Ceyhun bəy Hacıbəyliyə yazdığı məktublardakı bilgiləri təqdim etmişdik. Həmin məktublardan aydın olurdu ki, Rəsulzadə dəfələrlə ailəsini Türkiyəyə gətirməyə cəhd edib, lakin bolşeviklər son anda buna mane olublar.
Rəsulzadənin bu məktublarındakı bilgilər ona hətta indinin özündə də atılan iftiralara cavabdır. Məlumdur ki, Cümhuriyyətin işğalından sonra Rəsulzadə Lahıcda gizlənib, lakin bir lahıclının satqınlığı səbəbindən həbs edilərək Bakıya gətirilib, daha sonra isə Stalin onu özü ilə birgə Moskvaya aparıb. Bundan sonra o, tatar mücahidlərinin köməyi ilə Finlandiyaya keçib, 1922-ci ilin axırlarında isə İstanbula gəlib. Bura yerləşdikdən sonra ilk işi ailəsini İstanbula gətirmək üzərində düşünmək olub.
1920-ci ildən sonra bolşeviklərin ən çox nəzarətdə saxladığı ailə Rəsulzadə ailəsi olub. Bəzi mühacirlər Batum və ya İran üzərindən ailələrinin Türkiyəyə keçməsinə nail olsalar da, bu, hər kəsə müyəssər olmayıb. Bu baxımdan Rəsulzadə nə qədər cəhd etsə də, ailəsini İstanbula gətirə bilməyib. O, 1930-cu ilədək buna cəhd edib, lakin bir müddət sonra tamamilə mümkünsüz hal alıb.
Ceyhun bəyə yazdığı məktublardakı faktlara bir daha nəzər salaq:
15 iyun 1923 tarixli məktubdan: “Vallahi parasızlıq məni çox düşündürür. Ailəliləri düşünürəm. Mən də ailəmin buraya köçürülməsi üçün çalışıram”.
16 yanvar 1924 tarixli məktubdan: “Buraya köçməniz haqqındakı qərarınız, xüsusilə uşaqların tərbiyəsi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Mən də ailəmi buraya gətirtmək istəyirəm. Baxalım mümkün olacaqmı? Uşaqlarımın hamısı bu yaz ayında isitmə xəstəliyinə tutulmuşdular. Həyat yoldaşım da ürəyindən şikayət edirdi. İndi bir az özünü yaxşı hiss edir. Sizinkilər əcnəbi də olsa, bari mədəni bir tərbiyə görürlər. Bizimkilərə nə tərbiyəsi eləyirlər məlum...”.
6 mart 1924-cü il tarixli məktubdan: “Əzizim, ailəmi gətirəcəyimi soruşursan. İlk imkanda görəcəyim işlərdən birisi də budur”.
24 noyabr 1924 tarixli məktubdan: “Ailəmi buraya gətirtmək istəyirdim. Bir-iki dəfə təşəbbüs eləmişlər. Fəqət hələlik buna müvəffəq olamamışlar. Zavallılar orada çox darıxırlar. Mən də burada narahatam”.
1 Fevral 1925-ci il tarixli məktubdan: “Aldığım xəbərə görə, ailəmin də bu yaxında gəlmək imkanı hasil olacaq. Məsələ müşkül bir şəkil alır. İstər-istəməz bu işə girməliyəm. Baxalım, nə edə bilərik”.
19 iyul 1925-ci il tarixli məktubdan: “Bizimkilər hal-hazırda Bakıdadırlar. Ümmülbənin gəlmək üçün müraciət eləmiş, icazə istəmiş, verməmişlər. Daha artıq gözləmək lazım gəldiyini bildirmişlər. Buna görə də durumları çox çətin olmuşdur. Baxalım nə olur. Hər halda onları gətirtmək üçün ən ciddi vasitələrə əl atıram”.
10 avqust 1928-ci il tarixli məktubdan: “Qızımdan məktub aldım. Vəziyyətlərini çox pis bir surətdə təsvir eləyir, pul istəyir. Bütün varımı ki, zatən məhdud bir şey idi, oraya (Bakıya – D.Ə) göndərmək məcburiyyətində qaldım. Müalicəmin sonuna on gün qalmışdır. Bu on gün ərzində pul gəlməzsə, müalicə xərclərini ödəmək üçün nə edəcəyimi düşünürəm”.
Göründüyü kimi, Rəsulzadə mütəmadi olaraq həyat yoldaşının və övladlarının Türkiyəyə gəlmələrinə çalışıb, amma bütün bu cəhdlər boşa çıxıb.
Bu yaxınlarda Qiyas Şükürov və Vasif Qafarovun hazırladığı “Azərbaycan Cümhuriyyəti (1918-1920) Osmanlı arxiv bəlgələri” adlı sənədlər toplusunu oxuyarkən bu mövzuda 3 sənədə rast gəldim. Bu sənədlər Rəsulzadənin məktublarındakı faktları təsdiqləməkdədir.
21-23 oktyabr 1924-cü il tarixli ilk iki sənəddən aydın olur ki, Türkiyə Cümhuriyyəti Xariciyyə Vəkaləti ilə İstanbul nümayəndəliyi arasında iki azərbaycanlının – Məhəmmədəli Dadaşov və Abbasqulu Vəliyevin Türkiyəyə gəlmələri üçün gərəkli olan viza onlara verilməyib. Və yazışmada açıq şəkildə qeyd edilib: “... Rəsulzadə ailəsinin də onlarla bərabər olması ehtimalı xəbər verilib...”
İkinci sənəddən viza məsələsinin həll olunduğunu öyrənirik: “Azərbaycan əhalisindən Məhəmmədəli Dadaşov və Abbasqulu Vəliyevin Türkiyəyə gəlmələri üçün onlara viza verilmirmiş. Onlara viza verilməsi xüsusu ilə bağlı Tehrana yazı ilə məlumat veriləcəkdir”.
19 mart 1925-ci il tarixli üçüncü sənəddə isə daha açıq şəkildə yazılıb: “Azərbaycan əhalisindən olub, məmləkətimizə gəlmək üçün icazəsi tələb olunan və sabiq Azərbaycan Hökuməti Məclisi-Millisi rəisi Rəsulzadə Əmin bəyin də ailəsinin bərabərlərində olması ehtimal edilən azərbaycanlı türk qaçqınlar Məhəmmədəli Dadaşov və Abbasqulu Vəliyevin Türkiyəyə gəlmələrində bir maneə olmadığı Daxiliyyə Vəkaləti Cəliləsindən varid olan cavab təzkərəsində bildirildiyindən adları keçənlərin pasportlarına viza verilməsi lüzumu ilə bağlı Tehran səfirliyinə məlumat verilib...”
Türkiyə arxivlərindəki sənədlərdən aydın olur ki, Rəsulzadə Məhəmmədəli Dadaşov və Abbasqulu Vəliyev adlı iki şəxs vasitəsilə ailəsini İstanbula gətirmək istəyib, bununla bağlı hökumətdəki tanışları vasitəsilə Tehrandan viza verilməsinə nail olub. Amma yuxarıdakı məktublardan da aydın olduğu kimi Rəsulzadə ailəsi böyük ehtimalla Bakıdan Tehrana gələ bilməyib.
Qaynaq:
1. “Azerbaycan Cumhuriyeti (1918-1920) Osmanlı Arşiv Belgeleri”, İstanbul, 2018.
2. M.Rəsulzadə. “Məktublar. Şəfibəyçilik”. Bakı, 2018.