24 Sentyabr 2014 12:13
1 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın hər yerində müəyyən peşələri təmsil edənlərin xüsusi forma geyinməsinin şahidiyik. Uniformalarından polis, həkim, hərbçi və digərlərini tanımaq, ayırd etmək mümkün olur. Son illər isə uniformalıların sırasına daha bir neçə peşə əlavə olunub. Bura mühafizəçilər, sürücülər, müxtəlif icra strukturlarında çalışanlar və din xadimləri daxildir.

Ənənəvi olaraq isə güc strukturlarında, ədliyyə, vergi, səhiyyə, miqrasiya işçilərini xüsusi geyimdə görməyə gözümüz alışıb. Bir çoxları peşəsini məhz uniformaya görə seçsə də, xüsusi geyimə görə sevdiyi peşədən imtina edənlər də var.

Məsələn, çoxunun geyinmək arzusu olan həkim xalatını tibb işçilərinin bir qismi sevmir. 20 saylı poliklinikanın pediatrı Humay Nərimanova kimi. Müsahibimiz deyir ki, həkim işlədiyi ilk illərdə xalatı sevərək geyinsə də, sonradan bu, onun üçün əziyyətdən başqa bir şey olmayıb: “Xalatı tez-tez yumaq, ütüləmək, xüsusən də başa kalpak qoyulması mənim üçün bezdiricidir. Amma nə yaxşı ki, sonradan xalatla bərabər ağ kostyum geyinməyə də icazə verildi. Bu, həm rahatlıq, həm dəyişiklik üçün əlverişli oldu”.

Ruhanilər, neftçilər, taksi sürücüləri...

Ölkədə sonuncu dəfə bir neçə gün öncə ruhanilərə uniformalar təqdim olundu. Belə ki, Qafqaz Müsəlmanları İdarəsində qurumun nəzdində fəaliyyət göstərən Din Xadimlərini Təkmilləşdirmə Kurslarının müdavimləri üçün vahid geyim formaları təqdim olunub.

Qeyd edək ki, din adamlarının, din alimlərinin xüsusi geyim ənənəsi Azərbaycanda əsrlərdən bəri mövcud olsa da, sonradan bu fərdi xarakter alıb.

Hazırda isə orta ümumtəhsil məktəblərində müəllimlərin xüsusi geyimlə təmin olunması məsələsi gündəmdədir. Xatırladaq ki, bu məsələ bir neçə dəfə müzakirə olunsa da, konkret nəticə hasil olmayıb. Lakin bəzi məktəblərdə vahid məktəbli forması kimi, müəllim geyimi də mövcuddur. Əldə etdiyimiz məlumata görə, oktyabrın 1-dən Dövlət Neft Şirkətinin neft-qaz elmi tədqiqat layihə institutunun işçilərinin də xüsusi geyimdə olacaq.

Yaxın zamanlardan uniforma geyinəcək daha bir peşə sahibləri isə taksi sürücüləri olacaq. İndiyə qədər ancaq London taksisi kimi tanıdığımız taksi sürücülərini xüsusi geyimdə görürdüksə, bundan sonra bu geyim, sözügedən sahə ilə məşğul olan bütün sürücülərə şamil olunacaq. Artıq Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində bu sahədə işlərə başlanılıb. Onlar bir neçə geyim arasından xüsusi uniforma seçməyə çalışırlar. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərovun sözlərinə görə, təxminən bir aydan sonra taksi sürücülərinin hamısını eyni geyimdə görə biləcəyik: “Bu, həm də nəqliyyat müfəttişlərinə qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücünü müəyyən etməkdə köməklik edəcək”.

Marşrut sürücüləri üçün qış köynəkləri sifariş olunub

Məsələnin maraqlı tərəflərindən birinin də uniformaların harada hazırlanmasıdır. Paytaxtda ixtisaslaşmış onlarla belə fabriklər var ki, onlardan biri də 15 ildir fəaliyyət göstərən “Alyans” Tekstildir. Tikiş fabrikinin əməkdaşı Nazilə Qasımova bizimlə söhbətində bildirdi ki, onlar fəaliyyətini şirkətlərin müraciəti əsasında qururlar: “Əvvəlcə bizə eskizlər təqdim olunur. Onun əsasında bir dəst nümunə üçün tikirik, sonra həmin formanın müxtəlif ölçülərdə olanını hazırlayırıq”.

Müsahibimiz daha çox mühafizə xidməti işçiləri, sürücülər üçün formalar, saç ustaları üçün önlüklər tikdiklərini dedi: “Ancaq sifarişlə işləyirik. Geyimlərin qiyməti parçanın materialından, keyfiyyətindən asılıdır. Təbii parçalardan olanlar, pambıq geyimlər digərlərindən bir qədər baha başa gəlir”.

Fabrik əməkdaşı sonuncu dəfə nəqliyyat şirkəti tərəfindən marşrut sürücüləri üçün uzunqol qış köynəkləri sifariş olunduğunu dedi.

Heç kəsə sirr deyil ki, istər xüsusi formalar, istərsə də adi geyim olsun, bu, özlüyündə geyim mədəniyyəti anlayışını formalaşdırır. Bu mədəniyyəti nümayiş etdirmə bacarığımızın hansı səviyyədə olmasına isə haqqında danışdığımız sahənin mütəxəssisi ilə aydınlıq gətirməyə çalışdıq. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Milli İncəsənət Akademiyasının pedaqoqu Səbirə Dünyamalıyevanın uniformalar haqqında fikri birmənalı deyil.

“Müxtəlif sahədə çalışanların xüsusi geyim forması səciyyəvi haldır. Uniformaların hansı şəkildə hazırlanması xüsusi həssaslıq tələb edən bir məsələdir. Başqa sözlə, məzmun cəhətdən bu təşəbbüs məqsədəuyğun sayılmaqla bərabər, forma cəhətdən onun necə hazırlanacağı xüsusi diqqət tələb edir. Dizaynın işlənməsində Azərbaycanın geyim ənənəsi, dövrün reallıqları, estetik yanaşma, zövq kimi amillər nəzərə alınmalıdır”, - deyən ekspertə görə, bu məsələdə müəyyən tələblərə diqqət yetirilməlidir.

Səbirə Dünyamalıyeva deyir ki, qaydalar hamı üçündür və bu, görüntü xatirinə olmamalıdır: “Etika qaydalarına görə, müəyyən tələblər var və bunlara əməl olunması labüddür. Bəzi dövlət strukturlarında da artıq xüsusi formalardan istifadəyə başlayıblar. Bu vizual olaraq müsbət təsir bağışlayır. Amma yaxşı olardı ki, icra qurumları tabeliyində olan aşağı instansiyalarda çalışan əməkdaşlarının - hansı ki, onlar geyimlərindən utanırlar əvvəlcə bunu dəyişsinlər. Məsələn, dalandarlar nəyə görə geyimlərindən utanmalıdır? Üz-gözlərini bağlayıb, miskin, kasıb insan təsiri bağışlayırlar. Bu sahədə xarici təcrübədən istifadə vacibdir”.

“Paxıllıq hissini aradan qaldırmaq üçün yaxşı vasitədir”

Ekspert uniforma oldu-olmadı, insanların cəmiyyətin tələbləri səviyyəsində geyinməsini vacib sayır: “Toplumun səni qəbul edəcəyi, sənə ikrah hissi ilə baxa bilməyəcəyi tərzdə geyinmək lazımdır. Uniformaların isə üstünlüyü ondadır ki, bu, paxıllıq və həsəd hissini aradan qaldırmaq üçün yaxşı vasitədir. Bildiyiniz kimi insanlar, xüsusilə, qadınlar bir yerdə olanda ən çox müzakirə etdikləri mövzu hansı firmadan, hansı brenddən geyinmələri ilə bağlı olur. Hamı eyni geyinərsə, bununla çatışmazlıqlar da aradan qalxmış olar”.

Bütün dövrlərdə uniformalaşmaya həm də paritetləşdirmə kimi baxılıb. Hətta bu, geyim azadlığına qarşı çıxmaq kimi də dəyərləndirilib. Səbirə Dünyamalıyeva bu fikirlə razılaşmayaraq, uniformanın ancaq peşə xüsusiyyətlərini özündə ehtiva etdiyini bildirdi.

Naibə QURBANOVA

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər