28 Yanvar 2020 15:52
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində yeni koronavirusun törətdiyi pnevmoniyanın yayılması ABŞ-ın “Apple” korporasiyasının bu ölkədə buraxdığı "iPhone" smartfonunun yeni qənaətcil modelinin istehsalına başlamasını ləngidə bilər.

Bu barədə “Bloomberg” agentliyi xəbər verir.

Məlumata görə, "iPhone"ların, demək olar ki, hamısı Çinin Henan əyalətinin paytaxtı Jenqjou şəhərindəki “Foxconn” şirkətinə məxsus müəssisədə, habelə Şanxay şəhəri yaxınlığında "Pegatron” şirkətinə məxsus müəssisədə buraxılır. Hər iki müəssisə xəstəliyin yayılmağa başladığı Vuhan şəhərindən 500 kilometrdən artıq məsafədə olsalar da, yeni virusa yoluxma ehtimalı kifayət qədərdir.

“Apple” şirkətinin Çində 10 minə yaxın əməkdaşının olduğu, istehsalat proseslərində milyonlarla insanın iştirak etdiyi, bunların əksəriyyətinin bu günlərdə Yeni il tətilinə çıxdıqları bildirilir. Hazırda şirkətin həmin işçilərə tətildən sonra işə çıxmamaq barədə müraciət edib-etmədiyi bilinmir.

Xatırladaq ki, ötən həftə “Apple”nin fevral ayından ucuz "iPhone" istehsalına başlamaq planı barədə xəbər yayılmışdı. Zahirən 2017-ci ildə təqdim olunmuş "iPhone8"ə bənzəyən yeni cihazın "iPhone Se"dən sonra ilk ucuz smartfon olduğu bildirilir. Burada barmaq izini tanıyan “Touch İD” sistemi “Home” düyməsində quraşdırıldığı, cihazı işə salmaq üçün sifəti skan edən “Face İD” sisteminin isə ixtisar edildiyi bildirilir.

Ən son məlumata görə, koronavirusa yoluxanların ümumi sayı 4 515 nəfərə çatıb, onlardan 106 nəfəri ölüb. Çinin materik hissəsindən kənarda Honkonq, Makao, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada yoluxma halları qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı bu epidemiyanı Çin üçün fövqəladə vəziyyət olduğunu, beynəlxalq fövqəladə vəziyyət elan etmək üçün zərurət yaranmadığını açıqlayıb./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər