13 Fevral 2020 09:19
2 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai nəqliyyatdan istifadə etməyən adam demək olar ki, yoxdur. Bu nəqliyyat vasitələri arasında qatar özünəməxsus yerə sahibdir.

Xatırlayıram, ilk dəfə rayona qatarla gedəndə təxminən 5 yaşım vardı. Səyahət zamanı vaqonun görünüşü, qatarın o məşhur səsi hələ də qulaqlarımdadır.

Ötən ilin sonu Dəmir yolu muzeyinin rəsmi açılışı oldu. Gündəlik olaraq metrodan istifadə edirəm, eyni zamanda qatarla səyahəti sevən biri olduğuma görə muzeyi görmək istədim. Teleqraf.com olaraq fotoqrafımızla birlikdə üz tutduq bu muzeyə.

Dəmiryol Muzeyi 28 May metrostansiyasının yaxınlığında yerləşir. Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu sahəsinin təntənəli açılış mərasimi 6 iyul 1926-cı ildə olub. Bu tarixi bina köhnə Sabunçu vağzalının binasıdır.

Muzey binası daha əvvəl restoran kimi fəaliyyət göstərib. Prezidentin sərəncamı ilə son iki ildə binada restavrasiya işləri aparılıb və dəmir yolu muzeyi yaradılıb.

İçəridə bizi muzeyin inşaat mühəndisi Habil bəy qarşıladı. Deyir ki, biz buraya gələn 101-ci media nümayəndələriyik. Bizi muzeyin mətbuat xidmətinin işçisi Anar bəyə tapşırdılar, o da gərəkli məlumatları bizə çatdırdı.

Bildirdi ki, muzeydə tamamlanma işləri bitmədiyi üçün hələ istifadəyə verilməyib. Muzeyin 3 sərgi zalı var. Ekskursiyaya birinci mərtəbədə yerləşən sərgi zalından başladıq. Muzey fəaliyyətə başlamadığı üçün burada işçi qüvvəsi yoxdur. Qarşımıza çıxan maşinist heykəli isə canlı insandan fərqlənmirdi. Anar bəy bildirdi ki, yuxarı mərtəbədəki zalda bu tip heykəllərdən çoxdur.

Muzeyin birinci mərtəbəsindəki sərgi zalında dəmir yolunun yaranması tarixini əks etdirən iki böyük eksponat yer alır.

Burada Azərbaycan dəmir yollarının təsvir olunduğu böyük maket yerləşdirilib. Maketdə Qız Qalasından tutmuş, Xudafərin körpüsünə qədər bütün tarixi abidələrimizi görmək olar. Eyni zamanda bu fiqurda Göygölün təsviri xüsusilə diqqətimizi çəkdi.

Digər eksponatda təsvir olunan evlər, şəhərçiklər isə xüsusi işıqlarla işıqlandırılmışdı.

Muzeyin birinci mərtəbəsində ayrıca eksponat otağı da mövcuddur ki, burada dəmir yolları tarixinə aid suvenir və kitabların satışı həyata keçiriləcək.

İkinci mərtəbədə daha bir sərgi zalı yerləşir. Bu zal digərindən daha maraqlı idi. Belə ki, gördüyünüz bu vaqon ötən əsrə aid sərnişin qatarınındır. Təbii ki, bizdə vaqonun içinə daxil olub, kupelərinə baxmağı qərara aldıq.

Vaqona daxil olarkən ötən əsrə səyahət etdiyimi deyə bilərəm. Qəhvəyi oturacaqlar, sarı işıqlar dumanlı olaraq xatırladığım uşaqlığımı mənə yenidən yaşatdı. Ekskursiyaya gələn hər kəs bu möhtəşəmliyi görməlidir.

Eyni zamanda, ikinci zalda 19-cu və 20-ci əsrlərdə dəmir yolunda gedən inkişaf prosesini görmək mümkündür. Zalda dəmir yolu tarixinin mühüm məqamlarını əks etdirən foto və yazılı materiallar təqdim olunur. Burada Birinci və İkinci dünya müharibəlrində dəmir yolunun rolu ilə bağlı maraqlı fakt və məlumatlarla tanış olmaq mümkündür.

Zaqafqaziya dəmir yolunun tarixi xəritəsi muzeyin nadir eksponatlarındandır.

Əsas zalda 1885-ci ildən 1964-cü ilədək dəmiryolçuların geyindiyi uniformaları da görmək olar.

Zalın ən maraqlı eksponatlarından biri də qızıldan hazırlandığı təəssüratı yaradan qatar modelidir. Verilən məlumata görə, bu eksponat Prezident İlham Əliyev tərəfindən muzeyə hədiyyə edilib. Qatar modelinin qızıl suyuna çəkildiyi bildirilir.

Perronda hazırlanan 3-cü zalda qatarlara çıxış şüşə ilə bağlanıb. Şüşə arxasında tarixi dəmir yolu xəttinin bərpa olunmuş modeli görünür. Burada dəmir yolu qatarlarının modelləri ilə yanaşı, müxtəlif dövrlərə məxsus sərnişin obrazlarının maketləri nümayiş olunur.

Qeyd etməliyəm ki, maketlərin hazırlanmasında istifadə olunan qaş, saç və saqqal tamamilə təbiidir. Maketlər xüsusi şam növündən hazırlanılıb.Eksponatları insandan fərqləndirməyən də elə bunlardır.

Muzeydə 2 film zalı var. Bu film zallarından biri bədii, digəri sənədli filmlərin nümayişi üçün nəzərdə tutulub.

Biz gördüyümüzlə oxucuları tanış etdik. Amma hələlik muzeyə getməyə tələsməyin. Muzeyin il ərzində istifadəyə verilməsi nəzərdə tutulur...



Foto: Ceyhun Rəhimov


Müəllif: Aysel Azad