Antiqua və Barbudanın yardım müraciətinə cavab olaraq, ölkəmizdə istehsal olunmuş tibbi ləvazimatlardan ibarət yardım Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) xətti ilə qarşı tərəfin xahişi əsasında Londona göndərilib.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sözügedən yardım fevralın 19-da Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə tərəfindən Azərbaycan hökuməti adından Antiqua və Barbudanın Böyük Britaniyadakı Ali Komissarı xanım Karen-Mae Hillə təqdim edilib.
Təqdimetmə mərasimində hər iki ölkənin rəsmi nümayəndələri və yerli KİV-lər iştirak edib. Göstərilmiş yardıma görə Antiqua və Barbudanın Böyük Britaniyadakı Ali Komissarı Karen-Mae Hill ölkəsi adından Azərbaycan xalqına dərin minnətdarlığını ifadə edib və Antiqua və Barbudanın Azərbaycanla diplomatik əlaqələri daha da inkişaf etdirmək əzmində olduğunu nəzərə çatdırıb.