24 Fevral 2020 15:13
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Teleqraf.com-un xəbərinə görə, məlumatda deyilir ki, sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran rayon mərkəzi xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“İranla sərhədyanı rayonlarda – Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astaranın tibb müəssisələrində lazımi tədbirlər görülüb. Sözügedən rayonların mərkəzi xəstəxanalarında infeksion şöbələri və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir.

Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb. Eyni zamanda sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar”.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat ÜST-ün rəsmi internet səhifəsində və sosial şəbəkələrindəki səhifələrində yerləşdirilib.


Müəllif: Teleqraf.com