10 Mart 2020 19:57
5 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aysel Ələkbərzadənin psixologiyası sabit deyil. Martın 8-də keçirilən yürüşlə bağlı statuslarda müxtəlif formalarda təhqir edilməsi ona təsir etmişdi, ictimai bullinqə məruz qalmışdı. Gərək mən də tənqid eləməzdim, yəqin xətrinə dəydi, insan acığı həmişə gözünün qarşısındakından çıxmaq istəyir. Bundan əvvəl bizim kiçik konfliktimiz olmuşdu, bəlkə də düşünüb ki, ondan qisas alıram deyə tənqid etmişəm. Ümid edirəm, günahkarlar cəzalandırılar. Günahkar əslində cəmiyyətin özüdür.

Bu sözləri Teleqraf.com-a açıqlamasında 8 marş yürüşünün fəalı Aysel Ələkbərzadəni intihar həddində çatdırmaqda ittiham olunan Nurlan Qəhrəmanlı (Libre) deyib.

Onun sözlərinə görə, Aysel Ələkbərzadə onu, həyat yoldaşı Əsli Əlizadə və gənc fəal Orxan Məmmədlini ittiham etsə də, əslində o, cəmiyyətin təhqirlərinin onu intihara sövq etdiyini deyib:

“Bunlar hamısı emosional gərginliyə görə baş verib. İnsan pankart açıb, orada qeyri-etik ifadələr olduğuna görə anasını söyürlər, təhqir yağdırırlar, tənqid başqa şeydir. İctimai şəkildə bullinq ona təsir etdi. Bildiyimə görə vəziyyəti yaxşıdır.

Məsələni şouya çevirmək doğru deyil. İnsan emosional vəziyyətdə kifayət qədər fərqli sözlər deyə bilər, hər kəs onu “vururdu”, öz tanıdığı adamdan tənqid gördüyü üçün ciddi reaksiya verdi. Bir-birimizi tənqid, hətta təhqir etməyə başladıq, bunlar bu hadisənin fövqündə baş verdi. İnsanlar problemi dialoqla həll edə bilir. Bizsə, vəziyyəti düzgün qiymətləndirə bilmədik, ümid edirəm, vəziyyəti yaxşı olacaq”.

Nurlan Qəhrəmanlı ona məxsus səs yazısınını AXCP fəalına ötürülməsindən sonra Aysel Ələkbərli ilə arasında gərginlik yaşandığını söyləyib: “Kafelərdən birində söhbət edirdik, bu görüşdən 2 həftə sonra gördüm ki, sosial şəbəkələrdə bu söhbətə siyasi don geyindirməyə çalışdılar. Aysellə aram o vaxtdan dəydi. Mən də acıqlandım ki, niyə səsimi yazmısan. Guya mən müxalifətin içinə girmişəm, iqtidaryönümlü qruplara informasiya çatdırıram. Səsi niyə yaydığını soruşanda dedi ki, telefonumdan oğurlayıblar.

Sual verdim bəs necə AND hərəkatına çatıb? Ən əsası mənim evimdə də səsimi yazmışdı, bunun da səbəbini soruşdum. Davamız bundan başladı.

Ayseli 8 mart günü pankartını tənqid etdiyimə görə düşündü ki, onun qisasını alıram, halbuki belə bir məsələ yox idi. Zəng edib təhqir etməyə başladı ki, özəl həyatını açıb tökəcəyəm. Onun bu sözləri həyat yoldaşım Əslini narahat etməyə başladı. Birinci gərginləşən Əsli oldu. Əslini sakitləşdirməyə çalışırdım, deyirdi özümü atacağam. Təəssüf edirəm, Aysel xanım özünü pəncərədən atıb. Hər kəs öz vicdanı qarşısında təmiz olsa, daha yaxşı olar”.

O, həyat yoldaşının depressiyada olduğunu bildirib: “Əsliyə bizə yaxın olan adamın haqqımızda şayiələr yaymağı, təhqir eləməyi ona təsir edib”.

Nurlan Qəhrəmanlı Yasamal Rayon Prokurorluğu ifadə vermək üçün çağırıldıqlarını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər