Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı qiraətçi, şair Xəzər Süleymanlıdır.
Onunla müsahibəni təqdim edirik.
- Aristofan deyirdi ki, sənətdə ancaq istedadın dəyəri var. Bunu belə də başa düşə bilərik: insanları sənət yox, istedad maraqlandırır. Bu haqda fikriniz nədir, sənət həqiqətən istedadın arxa fonunda görünən dumanlı bir siluetdirmi?
- Əgər sənətkarın istedadı sənəti yüksək səviyyədə təmsil etməyə imkan verirsə, insanlar istedadı dəyərləndirməklə həm də sənətkar və sənəti dəyərləndirir. Bu gün sosial şəbəkələrdə mənə yazanların səksən faizi deyir ki, biz şeir oxumağı, dinləməyi sevmirdik, ancaq sizi tanıyandan sonra fikrimiz dəyişib, hər gün qulaq asırıq.
Onlar məni dəyərləndirdikcə, ucaltdıqca bu, mənim təmsil etdiyim sənətə də təsir edir. Hansı ki, bir zamanlar az qala tamada səviyyəsinə enən bədii qiraət sənəti bu gün olduqca ciddi incəsənət sahəsinə çevrilib.
Minlərlə insan şeir oxuyur, paylaşır və digərləri də bundan zövq alırlar. Qoy elə insanlar istedadı dəyərləndirsinlər.
- Niyə insan özünü olduğu kimi qəbul etdiyi halda, başqalarına gələndə bu qədər anlayışlı ola bilmir?
- Məncə, insan heç özünü də olduğu kimi qəbul edə bilmir. Əgər bu həqiqətən də mümkün olsaydı, başqalarına qarşı da anlayışlı olardı. Hara getsək də, hara qaçsaq da, vicdanımız günün sonunda boğazımızdan yapışır. Özünlə sorğu-sual başlayır. Baxırsan ki, o qədər səhvlər etmisən, az qala öz gözündən də düşürsən.
Təbii ki, zamanla sən o səhvləri təkrarlamamağa çalışırsan, ancaq səhvlər çoxaldıqca, bunlar içində hikkəyə çevrilir. Bu hikkə də başqa adamlar səhv etdiyi an onları günahlandırmağa, tənbeh etməyə bağışlamamağa və onlarla günahkarmış kimi davranmağa səbəb olur. Axı sən öz içində bilirsən kimsən. Sənə elə gəlir ki, kimisə bağışlamamaqla onu da özün kimi günahkar edirsən.
- Bildiyim qədər inanclı insansız, Allahın mövcudluğunu da qəbul edirsiz. Allahın var olduğu əminliyini necə ifadə edərdiniz?
- Etiraf edirəm ki, səhvlərim də, günahlarım da çoxdur. Bəzən bilərəkdən, bəzən də bilməyərəkdən yanlış addımlar atmışam. İndi özümə haqq qazandırmaq üçün ən primitiv səbəbi göstərə bilərəm ki, bütün insanlar günakardır. Yox! İçimdə bir boşluq var. O boşluğu nə ata-ana doldura bilir, nə sevgili, nə də dost.
Ata-anama canım da qurban, sadəcə, reallıq budur ki, bəzən onlarla da səmimi ola bilmirsən. Sevgiliyə və dosta da içindəki o boşluğu izah etməyə çalışsan da anlamayacaqlar. Yəqin ki, anlamadıqları üçün səni atıb gedəcəklər. Bəs o boşluq kimin, nəyin boşluğudur? Ata-anayla dolmur, sevgiliylə, dostla ovunmur. Qalırsan vurnuxa-vurnuxa.
Elə ki üzünü göylərə tutub gülümsəyirsən, bir də görürsən, bir anda dünyanın bütün pisliklərindən arınmış ən təmiz, ən pak adamı olmusan. Uşaq ana bətnində necə yığılırsa, sən də öz içinə, içindəki o boşluğa elə yığılmısan.
O boşluğa bərk-bərk sarılmısan. Mənim içimdəki o boşluğun bir sahibi var - Allah. Bütün qəlbimlə, ruhumla buna inanıram.
- Bəs bu haqda nə düşünürsüz: niyə hər şeyin var olmamağındansa, hər şey var oldu? Halbuki, biz olmaya da bilərdik…
- El dilində bir söz var, bir məsələyə inanmayanda deyirlər ki, nisyə söhbətdir. İndi “biz olmaya da bilərdik” söhbəti nisyə söhbətdir. Fakt olmuşuq, varıq. Demək ki, olmalı imişik. Olmuşuq. Olacağıq. Olmuşuqsa, varıqsa, deməli, niyə var olduğumuzu izah edən səbəblər də var.
Əgər inanclıyıqsa, bu bir imtahandır. Sınaqdır və sonu da məlumdur. İnancsızıqsa, niyyətimiz azad yaşamaq, pisliklərdən çəkinmək, zəiflərə dayaq olmaq, kasıblara əl tutmaqdırsa, elə Allah da bunu deyir. Nəticədə məqsəd yenə eyni və olduqca alidir.
- Şablona çevrilmiş belə bir fikir var ki, qadınların özləri də nə istədiklərini bilmirlər. Sizə elə gəlmirmi ki, “qadın nə istəyir?” məsələsi bir qədər şişirdilib? Bunu da kimsə yox, kişilərin özləri edir…
- Qadınlar nə istədiklərini yaxşı bilirlər. Sadəcə, kimdən istədiklərini bilmirlər. Həm də bəzi qadınların bədbəxtliyi odur ki, tanıyıb sevməyə həvəsləri, vaxtları olmur sanki. Sevib tanımağa cəhd edirlər. Sevgi isə insanları yaxşı tanımağa mane olan əsas səbəblərdən biridir.
Kimisə yaxşı tanımadan sevdinsə, evin yıxıldı. Onun yanlışları da, sənə doğru kimi görünür. Qadınların anlamadığı da budur. Bəzən unudurlar ki, kişiləri onlar tərbiyə etməlidir. İstədikləri kimi. Əgər alınmırsa, vaxtında uzaqlaşmalıdırlar.