Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yeni sədri Bаhar Muradova kollektivə təqdim edilib.
Bu barədə Teleqraf.com-a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, B.Muradovanı Dövlət Komitəsinin işçilərinə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.
F.Əliyeva B.Muradovanın keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verərək bildirib ki, Bahar Muradovanın həyatının böyük bir hissəsi dövlət siyasətinin həyata keçirilməsində iştirak edərək mühüm töhfələrini verməsi ilə bağlı olub.
F.Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsinə, gender bərabərliyinin təmin edilməsinə xüsusi diqqət yetirildiyini vurğulayaraq ailə və gender məsələləri ilə bağlı kifayət qədər qanunların qəbul edildiyini və bu prosesdə həm Komitənin, həm də Milli Məclisin çox böyük rolu olduğunu qeyd edib.
Daha sonra Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək Prezidentə göstərilən etimada görə öz təşəkkürünü bildirib.