Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur.
Novruz bayramının mahiyyəti ilk olaraq yazın və baharın gəlişi ilə bağlıdır:
İkincisi, qədim və orta əsrlər dövründən qalma il təqvimidir, yəni yeni ilin başlanmasıdır. Təqvim kimi bu, hazırda Azərbaycanda istifadə olunmur.
Novruz bayramında gecə ilə gündüzün bərabərləşməsi prosesi baş verir və Günəş Qoç bürcünə daxil olur.
Novruz Bahar bayramı kimi 11-ci əsrdən qeyd olunmağa başlayıb. Amma ayrıca Novruzun qeyd olunması bundan da qədim dövrə qədər gedib çıxır, hətta atəşpərəstlikdə də bu qeyd olunub.
Novruz bayramında bir sıra ayinlər icra olunur
Müxtəlif mərasimlər, oyunlar həyata keçirilir. Təbiəti təcəssüm etdirən səmənilər yetişdirilir, yumurtalar boyanır, bayram şirniyyatları və xörəkləri hazırlanır. İnsanlar bir-biri ilə bayramlaşırlar. Bundan əlavə, xoruz döyüşdürmə, qoç döyüşdürmə, papaq atma və sairə mərasimlər icra olunur.
Qeyd edək ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək.