"Bakı şəhərində koronavirusa yoluxma hallarının qarşısının alınması Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirlərinin həyata keçirilməsini davam etdirilir. Hər gün paytaxtın kommunal xidmət qurumları tərəfindən xüsusi dezinfeksiyaedici maddələrlə küçə və prospektlərin kənarları, yol kənarlarındakı məhəccərlər və sair yuyulur".
Bunu Teleqraf.com-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov bildirib:
"Mərhələli şəkildə bütün rayonlar üzrə düzinfeksiya işləri gedir. Bizim balansımızda 11300 yaşayış binası var. Mütəmadi olaraq yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır, əlavə qabaqlayıcı və maarifləndirici tədbirlər görülür".
O bildirib ki, yaşayış binalarından əlavə, hər gün axşam saat 20:00- 23:00 və səhər saat 05:00-08:00 arasında xüsusi maşınlarla şəhər dezinfeksiya edilir. Bu iş gündəlik olaraq fasiləsiz şəkildə həyata keçirilir.