“Hasil olunmuş nefti yığmağa yer yoxdur, ehtiyatlar da dolub. Buna görə də yeni bir trend yaranıb ki, bəzi istehsalçılar daşımaq xatirinə bazarlara neft çıxarırlar. İndiki məqamda neft bazarında sabitliyin yaranması pandemiyanın yayılmasının dayanmasına bağlı ola bilər”.
REAL Partiyası sədrinin müavini, iqtisadçı Natiq Cəfərli belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Neft dünya bazarlarında ucuzlaşma trendinə daxil olub. Qiymətlər nə qədər düşə bilər?
- Hazırda neft bazarında yaranmış vəziyyət nadir hallarda görünür. Çünki dünya miqyasında neft istehlakı katastrofik səviyyədə azalıb, amma gündəlik 95-96 milyon barel həcmindəki hasilat qalır. Dünya demək olar, durma nöqtəsinə çatıb: təyyarələr uçmur, avtomobillərin hərəkəti dayanıb, iqtisadiyyatın bir çox sahələri qapalıdır, turizm sahəsi ümumiyyətlə, çöküb. Bu da neft istehlakına mənfi təsir göstərir. İndiki halda unikal vəziyyət ondan ibarətdir ki, artıq sözlü müdaxilələrlə, siyasi qərarlarla, hasilatı azaltmaq planları ilə də bazara təsir etmək mümkün deyil. Bazar artıq heç nəyə reaksiya vermir. Əsas səbəblərdən biri də budur ki, gündəlik hasilat istehlakı üstələyir.
Artıq hasil edilmiş neftin harada saxlanılması problemi, tanker çatışmazlığı yaranıb. Hətta bəzi neft istehsalçıları da var ki, nefti pulsuz belə verməyə razıdırlar, çünki saxlamağa yer yoxdur, üstəgəl, hasilatı saxlamaq mümkün deyil. Neft hasilatı texnoloji olaraq fərqli bir prosesdir, hasilatı dayandırdıqda neft quyuları su ilə dolur və o quyular itirilmiş hesab olunur. Buna görə də hasilatı davam etdirməyə məcburdurlar, amma azaltmaq mümkündür.
Hasil olunmuş nefti yığmağa yer yoxdur, ehtiyatlar da dolub. Buna görə də yeni bir trend yaranıb ki, bəzi istehsalçılar daşımaq xatirinə bazarlara neft çıxarırlar. İndiki məqamda neft bazarında sabitliyin yaranması pandemiyanın yayılmasının dayanmasına bağlı ola bilər. Dünyada pandemiyanın pik həddini keçməsi barədə inandırıcı xəbərlər olsa, ölkələrdə karantin rejimi tədricən ləğv edilsə, bu zaman neftin qiymətləri artım trendinə girə bilər. Bu, ən az qiymətləri sabitləşdirə bilər. Amma yaxın zamanlarda artımın olacağını düşünmürəm, təəssüf ki, bu ehtimal çox aşağıdır. Hələlik ümid ona qalır ki, aprel ayının sonlarına yaxın pandemiyaya görə ölkələrin qapılarına vurulmuş kilid açılacaq. Bu zaman qiymətlərdə sabitləşmə müşahidə oluna bilər.
- Bəs Səudiyyə Ərəbistanı özü təklif etdiyi halda, gündəlik hasilatı azaltmadı, bu, təkcə Rusiya faktoru ilə bağlıdır?
- Ola bilər ki, təkcə Rusiya faktoruna bağlı olmasın. Amma kimsə də belə bir vəziyyətin yaranacağını öncədən proqnozlaşdıra da bilməzdi. Çox güman ki, Səudiyyə Ərəbistanının qərarı ABŞ-la birgə məsləhətləşmələrlə verilib. Çünki Səudiyyənin Amerika ilə çox sıx münasibətləri var. Amma Rusiyanın OPEK-lə imzalanmış həmin anlaşmadan çıxması ilə bağlı özünün də qərarı oldu. Səudiyyə Ərəbistanı gündəlik 1.5 milyon barel hasilatın azaldılmasını təklif etmişdi, Rusiya bunun 500 minini öz üzərinə götürməli idi, amma bunu da etmədi. OPEK anlaşmasından tamamilə çıxdığını elan etdi. Artıq aprelin 1-dən etibarən OPEK anlaşması qüvvədən düşüb, indi heç bir məhdudiyyət yoxdur, istənilən ölkə istənilən həcmdə neft istehsal edə bilər.
O zaman Rusiyanın hədəfi Amerika istehsalçıları idi. Amerikada slans neftinin maya dəyəri yüksəkdir. Düşünürdülər ki, Rusiya bir neçə ay aşağı qiymətlərə dözsə, Amerikada istehsalçıların bir qismi bankrot olaraq, bazardan çıxmağa məcbur olacaq. Bu ehtimalla bu addımı atdılar. Amma mənə elə gəlir ki, əsas hədəf neft də deyildi. Amerika çox aqressiv şəkildə Avropa bazarlarına qaz satmağa başlayıb. Ötən il Avropaya satdığı qazın həcmini daha da artırdı. Rusiyanın da əsas gəlir mənbəyi qazdır, neft deyil. Çünki qaz satışından əldə olunan gəlirlər birbaşa dövlət büdcəsinə daxil olur. Neft satışı isə vergilər şəklində daxil edilir. Çünki neftin böyük bir həcmini “Lukoyl” kimi böyük özəl şirkətlər çıxarıb satır. Bu baxımdan, Rusiya hökuməti üçün qazın satış bazarındakı qiyməti daha önəmlidir.
Əslində qazın qiymətləri neftə bağlıdır. Rusiyanın uzaqgörən baxışı ondan ibarət idi ki, qazın qiymətləri neftə bağlı olduğuna görə, bu istiqamətdə də uzuclaşma baş verəcək və Amerikadan tankerlərlə sıxılmış qazın gətirilməsində ləngimələr olacaq. Çünki Amerika qazının maya dəyəri çox yüksəkdir. Rusiya qazı isə ucuzdur və bazarlara daha sərfəli vasitələrlə çatdırılır. Avropa bazarı Rusiya üçün önəmlidir, ildə orta hesabla 150 milyard kubmetr qaz satır. Amma pandemiya gözləntiləri alt-üst etdi. Çox güman ki, Rusiya atdığı addımdan peşman olub.
OPEK-Rusiya anlaşması qüvvədə qalsaydı, qiymətlər ən az indiki qədər düşməzdi. Qiymətlər onsuz da düşəcəkdi, amma 30 dollarda sabitləşə bilərdi. Amma indi gündəlik hasilatın azaldılmasının da ciddi bir effekti olmur. Çünki istehlak azalıb. Gündəlik 30-35 milyon barel həcmində hasilatın azalması o deməkdir ki, indi Rusiya və OPEK birləşsə, gündəlik hasilatı bu qədər azalda bilməz. İkisinin bir yerdə hasilatı 20 milyon bareldir. Hasilatı sıfıra da endirsələr xeyri yoxdur, çünki indi bazar tamam başqa cür formalaşıb.
Hesab edirəm ki, Səudiyyə Ərəbistanı və Rusiya pandemiya faktorunu nəzərə almadan bu addımı atdılar. İndi də bunun ağrısını çəkirlər.
- Koronavirus pandemiyası iqtisadi baxımdan dünyaya daha nələri vəd edir, qlobal anlamda hansı dəyişikliklərə yol aça bilər?
- Əslində koronavirusun iqtisadi fəsadları tibbi fəsadlardan az deyil. Pandemiyanın hələlik insanlara vurduğu zərərlər ön planda olduğu üçün iqtisadi fəsadları arxa planda qalıb. Düzdür, bununla bağlı dünya mediasında müzakirələr getsə də, hələlik təhlükəsizlik və sağlamlıq məsələləri öndədir. Bu səbəbdən də dünyada bu məsələnin dərindən təhlilini görmürük. Amma hesab edirəm ki, koronavirusun iqtisadi fəsadları tibbi fəsadlarından çox ola bilər. Çünki depressiyalar, psixoloji pozuntular artacaq, sosial vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq yüz milyonlarla işsiz ordusu yarana bilər. Yəni pandemiya ciddi siyasi-iqtisadi fəsadlara gətirib çıxara bilər.
Hətta bu yay postkoronavirus dövrünə qədəm qoysaq belə, iqtisadi çarxların işə düşməsi üçün aylar lazım olacaq. Yəqin ki, 2020 turizm sektoru üçün itirilmiş il kimi tarixə yazılacaq. Bu sektorda tərpəniş və dirilmənin olacağı mümkün deyil. Dünyada bu sahədə çalışan az qala yarım milyarda yaxın insan var. Onların gəlirləri ciddi şəkildə azalacaq.
Hava yolları şirkətlərinin ard-arda bankrot olması xəbərləri gəlir. Bu sahədə də ciddi işsizlik ordusu yaranacaq. Habelə, dünyanın böyük hissəsində ictimai iaşə obyektləri, restoranlar və kafelərin fəaliyyətləri dayandırılıb. Bu sahələrdə çalışanlara da böyük zərbələr dəyib. İndiki halda bunun iqtisadi fəsadlarını hesablayıb başa çatdırmaq mümkün deyil, amma indidən müəyyən fikirlər səsləndirirlər.
Dünya miqyasında Ümumi Daxili Məhsul istehsalının ikirəqəmli bir həddə azalması baş verə bilər. Bu, çox böyük bir rəqəmdir. Hətta 2008-2009-cu illər böhranında 0.1 faiz artım olsa da, bu, böyük fəsadlar yaratdı. Birdən-birə 10 faizlik azalma o deməkdir ki, yüz milyonlarla insan işsiz qala bilər. Bu, böyük psixoloji problemdir.