10 Aprel 2020 18:55
2 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Aqşin Yeniseyin Azərbaycan dili ilə bağlı irəli sürdüyü fikirlər müzakirə mövzusuna çevrilib.

Azərbaycan dilinin məhdud imkanları haqda yazan şair qeyd edir:

“Azərbaycan dilində bədii üslub yaratmaq çətin məsələdir. Çünki ruslar (imperiya siyasəti) dilimizin öz üslubunu zədələyiblər. Bu günlərdə eyni mövzuda təsadüfən ingilis, fransız və Azərbaycan yazıçısının cümləsi ilə tanış oldum, gəldiyim nəticə isə budur ki, ruslar Azərbaycan dilinin köpək dişlərini çıxarıblar. Ona görə də bizim dil mövzunu qoca kimi ya əng dişləri ilə əzib diri-diri udur, ya da qabaq dişləri ilə çeynə-tüpür edib həzmə göndərir”.

Bəs Aqşin Yenisey nə dərəcədə haqlıdır, həqiqətənmi Azərbaycan dilinin imkanları bədii üslub yaratmaq baxımından məhduddur?

Teleqraf.com bu sualla ədəbiyyat adamlarının fikirlərini öyrənib. Sorğunu təqdim edirik.

Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva hesab edir ki, ədəbiyyat – böyük ədəbiyyat yaratmağın şərtlərindən biri, bəlkə də birincisi dil potensialı ilə müəyyənləşir:

“Dil mətnin tikinti materialıdır. Aydın məsələdir ki, bir etnik qrupa mənsub olan müəllifin mətni ilə ingilis, alman, fransız və ya ərəbdilli yazarın mətni eyni zənginlikdə ola bilməz. Bir milyon və ya beş yüz min söz ehtiyatı olan dil daşıyıcısı ilə 50 mindən ibarət lüğət fondu olan müəllifləri müqayisə etməyə dəyməz. Dünya ədəbiyyatında Coys və Prust örnəyi var. Coys dili bizim təsəvvür etmədiyimiz, hətta öz zamanında belə xüsusi lüğətlə oxunan ingilis dili miqyasındadır. Onun mətnlərini araşdıranlar, tədqiqatçılar dil-üslub təhlillərində “köhnə ingilis dili” ifadəsini də işlədirlər.

Amma elə bu anda da vurğulamaq istəyirəm ki, dil yalnız lüğətdə cəmlənən sözlərin toplusu demək deyil. Dil mənsub olduğu xalqın tarixi, keçmişi, bu günü, gələcəyi ilə bağlı bir sistemdir. Şüur aktı, psixoloji, ictimai-siyasi, sosial statuslu mənəvi dəyərdir. Baxın, ikiyə bölünmüş 50 milyonluq azərbaycanlılar və onların dil ailəsi – türk dilləri ailəsi faktını göz önünə gətirək. Tarixən bizim dilimiz təcavüzlərə, sıxışdırılma və təzyiqlərə məruz qalıb. Qədim və orta əsrlər ədəbiyyatı dilindəki nümunələr bunu sübut edir. Əvvəl ərəb, sonra fars dili hakimiyyəti, bir az sonra (XIII əsrdən etibarən) 3 dildə (ərəb, fars, türk) yazmaq ənənəsi, daha sonra, XIX əsrdən etibarən rus işğalının dilimizi “ikinci sort insanların dili” nə çevirməsi sadizmi və sair...

Bütün bunların nəticəsidir ki, bizim bugünkü lüğət fondumuz 100 min civarında sözlə məhdudlaşır”.

İradə Musayeva o fikirlə razı deyil ki, bizim dildə, hazırkı vəziyyətdə xüsusi, diqqəti çəkən bədii üslub yaratmaq və böyük ədəbiyyat nümunəsi ortaya qoymaq olmaz:

“Dilin deqradasiyaya, tənəzzülə məruz qalmış, bizim “yox olmuş” kimi qəbul etdiyimiz hissəsi genetik yaddaşımızda həmişə canlı və dirilməyə hazırdır həm də. Onu sadəcə oyatmaq lazımdır. Mən bu gün dilimizi inkişaf etdirən, onu zənginləşdirən subyektlər arasında yazıçıların rolunu xüsusi olaraq görürəm. Bu dildə özünü, öz cəmiyyətinin problemlərini ifadə etmək mücadiləsi olmalıdır. Praktiki olaraq yoxa çıxmış, əslində isə mənəvi-psixoloji, ruhi aləmimizdə, yaddaş lüğətimizdə var olan sözləri intuitiv enerji vasitəsi ilə dövriyyəyə buraxmaq olar və bunu istedadlı yazarlar edə bilər.

Unutmayaq ki, bu dildə Cəlil Məmmədquluzadə yazıb, bu dildə Üzeyir Hacıbəyov yazıb və dünyanın çox yerində onların özünüifadəsi tərcümə edilərək anlaşılıb, sevilib. Əbdürrəhim bəy Haqverdiyevin hekayələrini oxuyan adam bu dilin potensialına necə şübhə edə bilər?”

Tənqidçi bildirib ki, türk dili qrupu olaraq Oğuznamələrə, ümumtürk abidələrinə, “Kitabi Dədə Qorqud” dastanı dilinə üz tutmaq, müasir dünyanın, inteqrasiyalar, qloballaşmalar və internet əsrinin “dilini tapmaq”, yəni bütün bunları anlayacaq və öz varlığımızı anladacaq bir dil yaratmaq zərurəti var:

“Müasir Azərbaycan bədii dili və üslubları belə bir baxışın, zəhmətin və prinsipiallığın müqabilində yarana bilər. Bizim dilimiz ölü və sönük dil deyil. Bəlkə də yaxşı ədəbi nümunələr yaratmaq üçün türk dilləri içərisində ən əlverişli olanıdır.

Bədii dillə bağlı xeyli problemimiz var, bir problemimiz də ondan ibarətdir ki, müasir ədəbi tənqid bədii mətnlərin dilini incəliklə təhlil etmək və qiymətləndirmək əziyyətindən boyun qaçırır. Bəzən 500 səhifəlik romanın dilini bir-iki cümlə ilə ümumiləşdirir ki, bu da formal yanaşmadır”.

Brodski sonralar Brejnevə yazdığı məktubda deyirdi: "Dil daha qədim şeydir və ondan qaçmaq mümkün deyil. Dövlətdən isə qaçmaq olar. Mən rus dilinə məxsusam, dövlətə gəldikdə isə, məncə, yazıçının vətənpərvərlik dərəcəsi tribunadan söylənən şüarlarla deyil, içində yaşadığı xalqın dilində yazmaq bacarığı ilə ölçülür. Mən rus şairi olaraq qalır, SSRİ vətəndaşı olmaqdan isə imtina edirəm".

“Bir şərtlə ki, ağıl dişi vaxtında düşə...”

Ədəbi tənqidçi Cavanşir Yusifli: “İstisnasız olaraq bütün dillərdə bədii üslub yaradarkən bitib tükənməyən bir xəzinə mövcud olur, ancaq sən onu yaratmaq demirəm, işləmək fikrinə düşdüyündə bu xəzinə yox olur, uçub gedir, alınmayanda sənə anidən elə gələ bilər ki, dilin də danışmaq, göstərmək, nüfuz etmək gücü zədələnib.

Əslindəsə belə bir şey yoxdur. Əlcəzairdə keçən əsrin 80, ya 90-cı illərindən başlayaraq həm fransız, həm ərəb dilində yaxşı nəsr əsərləri yaranmağa başladı, o məkanda yan-yanaşı olan bu iki dil bir-birinə nüfuz elədi, ancaq biri o birini zədələmədən, çünki proses dilin əl yetməyən, ün çatmayan dərinliyində gedir, zənnimizcə.

Bu mənada, “zədələnməyən” dil, xal düşməmiş üslub yoxdur. Həm də elə bir güc, qüvvə var ki, lap zədələnməsi güman edilən yerləri də dəyişdirir, zədələrsə qaçılmazdır, elə onların itib yeniləriylə əvəz olunması da. Bir şərtlə ki, ağıl dişi vaxtında düşə”.

“Dilimiz istədiyimiz vəziyyətdə deyil”

Yazıçı Şərif Ağayar: “Aqşinin şairliyindən və yazıçılığından gələn müstəsna dil və mətn duyma qabiliyyəti çox ciddi bir məsələyə güzgü tutmağa imkan verib. O, dilin potensialını danmayıb. Dünyada zəif dil yoxdur. İnkişaf etməmiş, yaxud zəif inkişaf etmiş dil var.

Bizim bugünkü ədəbi dilimiz dövrü yüksək bədii səviyyədə ifadə üçün istədiyimiz vəziyyətdə deyil. Biz ağıllı telefonlar dövrünün ədəbi dilini tam formalaşdıra bilməmişik. Məsələn, türklər formlaşdırıblar. Yeni intonasiyada operativ bir dil yaranıb onlarda. Ən mürəkkəb vəziyyətləri az sözlə olduqca tutarlı və dəqiq ifadə edə bilirlər. Ona görə elə keyfiyyətli filmlər, seriallar çəkilir, yaxşı romanlar yazılır. Biz də buna çalışmalıyıq.

Aqşinin özünə xas obrazla ifadə etdiyi problemin həlli üçün çalışmalıyıq. Burada Aqşinin özü də daxil olmaqla hər bir istedadlı qələm adamının boynuna böyük məsuliyyət düşür.

Mənə elə gəlir, yeni nəsil yazarların əsərlərində yeni və daha zəngin dilin formalaşmasına doğru mütərəqqi addımlar atılıb. Elə Aqşinin özünün yaradıcılığında dillə bağlı yeni keyfiyyətlər çoxdur. Eyni zamanda, Həmid Herisçinin, Rasim Qaracanın, Mübariz Örənin, Qismətin, Sevinc Elsevərin və digərlərinin yaradıcılığında. Mən özüm daha çox “Arzulardan sonrakı şəhər” romanında yeni dil və ifadə keyfiyyətləri üçün çalışmışam. Bu, çox vacib məsələdir. Əgər bacarmasaq, 21-ci əsrlə dil tapa bilməyəcəyik”.

“Qismən haqlıdır”

Yazıçı Məqsəd Nur: “Mәncә, Aqşin irәli sürdüyü mәsәlәdә, öz mühakimә kontekstindә qismәn haqlıdır. Konkret olaraq dilin imkanları deyil, həm də tarixi, ictimai kontekstdә mәsәlәyә yanaşaraq mühakimә etmәk istәyib.

Tarix bütün dillәri dәyişir vә dәyişәcәk. Bu mәnada müzakirәlәr açıla bilәr.

Amma ümumilikdә, şәxsәn mәnim fikimcә, dilimiz bugünkü vәziyyәtilә dә möhtәşәmdir vә fәrdi üslublara tam yatımlıdır. O cümlәdәn bədii üslub baxımından dünya dillәri ilә rәqabәt gücü var”.


Müəllif: Mənsur Rəğbətoğlu