Fərhad Abbas oğlu Quliyev 1 iyun 1970-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. 11 aprel 1993-cü ildə Füzuli rayonunun Veysəlli kəndində Qızılqaya uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Teleqraf.com şəhidin qardaşı Ələmdar Quliyevin kiçik yazısını təqdim edir.
...Onda Ağdam rayonu uğrunda ağır və şiddətli döyüşlər gedirdi. O, mənim qarşımda dayanmışdı. Hərbi geyimdə, çiyni avtomatlı... Yuxumda dəli olmaq dərəcəsinə çatmışdım. "Fərhad, sağsan?" deyə qışqırıb onu qucaqlayırdım. Gülümsəyərək məni sakitləşdirmək istəyirdi: "Kim deyir ki, mən ölmüşəm? Cəbhədə vəziyyət ağırdı, ora gedirəm. Yolüstü döndüm ki, sizinlə görüşüm".
Yuxudan ayılanda yox oldu. Bu yazını da indi göz yaşları içərisində yazıram.
Onun, eləcə də minlərlə vətən oğullarının ruhu hələ də göylərimizdə didərgin gəzib dolaşır. Yuxumda dəfələrlə onun əlində silah harasa getdiyini görürəm. Onun şəhid olduğu gündən 27 il keçib, amma hələ də ölümünə inana bilmirəm. Fərhadın geri dönəcəyini gözləyirəm.
İnanıram ki, Aprel döyüşlərində olduğu kimi rəşadətli Azərbaycan ordusu yaxın vaxtlarda torpaqlarımızı işğaldan azad edəcək, didərgin şəhid ruhları rahatlıq tapacaq.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Amin!