Finlandiyada Azərbaycan diasporunun fəal nümayəndələrindən biri, Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Yoensuu Konservatoriyasının müəllimi Kamal Aşurbəyovun 50 illik yubileyi qeyd olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yubiley gecəsi Finlandiya Mədəniyyətin İnkişafı Fondunun dəstəyi ilə həmyerlimizin yaşayıb-çalışdığı Yoensuu şəhərindəki Garelia-Sali konsert zalında keçirilib. Tədbirdə şəhər rəhbərliyinin təmsilçiləri, musiqi ictimaiyyətinin nümayəndələri və Finlandiyada yaşayan azərbaycanlılar iştirak edib.
Konsert proqramında K.Aşurbəyov azərbaycanlı müəlliflərin musiqi əsərlərini səsləndirib. Pianoçunun ifasını böyük bir coşğu ilə dinləyən tamaşaçılar həmyerlimizi ayaqda alqışlayıb. Tədbir boyu həmçinin K.Aşurbəyovun yaradıcılığı haqqında məlumat verilib, təbrik nitqləri söylənilib.
Qeyd edək ki, məşhur Aşurbəyovlar nəslindən olan K.Aşurbəyov P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirəndən sonra, 1994-cü ildə Finlandiyaya köçüb. Rəşid Behbudov, Müslüm Maqomayev, Tofiq Quliyev, Qara Qarayev, Üzeyir Hacıbəyli kimi sənətkarların yaradıcılığından bəhrələnən musiqiçi təkcə Finlandiyada deyil, Avropa ölkələrinin çoxunda Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini, o cümlədən muğamları təbliğ edir. K.Aşurbəyov Helsinki şəhər meriyasında Azərbaycan mədəniyyətinin tarixinə dair mühazirələr oxuyub.
Səxavət