“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamından irəli gələn məsələlərin həlli ilə bağlı tədbirlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, Nazirlər Kabinetinin “Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” Qərarına əsasən, əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən iki ay müddətində 100 kilovat-saat artırılaraq 400 kilovat-saata çatdırılıb. Qərara başlıca səbəb xüsusi karantin rejiminə uyğun olaraq əhalinin evdə qalması ilə bağlı elektrik enerjisindən istifadənin çoxalmasıdır.
Qərarda bildirilən 2 aylıq müddət aprel və may aylarını əhatə edir. Apreldə mart ayının sərfiyyatları abonentlərə bildiriş olaraq verildiyi üçün may ayında aprelin sərfiyyatı veriləcək və həmin vaxt 400 kilovat/saat nəzərə alınacaq. Həmçinin iyun ayında mayla bağlı veriləcək bildirişlərdə də 400 kilovat/saatlıq limit üzrə hesablama aparılacaq. 400 kilovat/saatlıq limitlə bağlı artım yalnız əhali qrupu abonentlərinə şamil olunur.