“Dünyanı cənginə alan koronavirusla mübarizə çərçivəsində vaxtında və düzgün atılmış addımlar sayəsində, Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Hesab edirəm ki, dövlət səviyysində görülən təxirəsalınmaz tədbirlər hər şeydən əvvəl insanların sağlamlığının qorunmasına yönəlib. Dövlət başçısının videokonfransdakı çıxışında da biz bunun şahidi olduq”.
2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər haqda Teleqraf.com-a danışan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov belə deyib.
Partiya lideri Azərbaycan dövlətinin koronavirusla mübarizə sahəsində bu günə qədər görülən bütün işlərin doğru istiqamətdə aparıldığını düşünür:
“Pandemiya demək olar ki, bütün dünyanı öz ağuşuna alıb. Hesab edirəm ki, dünyanın bütün xalqları və ölkələri bu təhlükə ilə birlikdə mübarizə aparmalıdır. Əlbəttə, Azərbaycan dövləti və hökuməti də, koronavirus pandemiyasının qarşısının alınması üçün təxirəsalınmaz tədbirləri davam etdirir. Koronavirusla mübarizə çərçivəsində Operativ Qərargah yaradıldı, habelə Bakı və bölgələrdə sistemli şəkildə tədbirlər həyata keçirilir. Bütün bunların hamısı təqdirəlayiqdir. Bundan başqa, fond yaradılıb. Başda prezident və Birinci Vitse-prezident olmaqla, hökumətin rəhbər şəxslərinin bu fonda öz bir illik maaşlarını bağışlamaları cəmiyyət tərəfindən xoş qarşılandı. Bu, Azərbaycan xalqının xeyrixahlıq ənənələrinə söykənən bir addımdır.
Bir sıra ölkələrin artıq Azərbaycanın təcrübəsindən yararlanmağa başlaması və dünyanın ən nüfuzlu KİV-lərində ölkəmizdə görülən işlərə xüsusi yer ayırması da göstərir ki, artıq vəziyyət tam nəzarətə alınıb. Prezidentin də vurğuladığı kimi, əsas məsələ vətəndaşların sağlamlığıdır”.
Rauf Qurbanov Azərbaycan xalqına da müraciət edib:
“Azərbaycan xalqını karantin rejiminin qaydalarına riayət etməyə çağırıram. Hesab edirəm ki, çox yaxında bu ağır günlər arxada qalacaq. Həmrəy, birlikdə olmaqla bu ağır günlərdən ən az itkilərlə çıxa bilərik. Biz yenə də öz rahat həyatımıza qayıdacağıq, indi isə bu problemlərin öhdəsindən gəlmək üçün birlikdə olmaq zamanıdır. İnanıram ki, bu, çox da uzaqda olan bir tarix deyil”.