Teleqraf.com-un suallarını hazırda Nyu-Yorkda yaşayan həmyerlimiz, "Hello kişi" bloqunun təsisçisi Şəbnəm Alməmmədova cavablandırıb.
Tanınmış blogger koronavirus pandemiyası ilə əlaqədar Nyu-Yorkdakı son durum barədə danışıb. Onunla müsahibəni təqdim edirik:
- Şəbnəm xanım, hazırda Nyu-Yorkda vəziyyət necədir, son statistika ilə bağlı məlumat vermənizi xahiş edirəm.
- Nyu-Yorkda hər kəs karatindədir, heç kim çölə çıxmır. Hamı kimi biz də 6 həftədir evdəyik. Koronavirus yayılan ilk günlərdə vəziyyət çox pis idi. Hər gün minlərlə insan ölürdü. Son statistikaya görə, 11 min şəxs COVID-19-dan vəfat edib.
- Tanıdıqlarınız arasında bu infeksiyadan həyatını itirən olubmu?
- Bizim yaşadığımız əraziyə yaxın yerdə yaşayan 30 yaşlı idmançı vəfat etdi. Özü də çox sağlam idi. Virus yaşlılara daha çox təsir etsə də, infeksiyadan həyatını itirən cavanlar da var ki, onların orqanizmi virusa müqavimət göstərə bilməyib.
- Nyu-York rəsmiləri pandemiyanı lokallaşdırmaq üçün hansı tədbirlər görür? Əhali necə təlimatlandırılır?
- Supermarketlər, aptek və poçtlar açıqdır, yerdə qalan bütün müəssisələr fəaliyyətini dayandırıb. Restoranlardan yeməyi sifariş edib evə aparmaq mümkündür. Hamı evdən işləyir. Nyu-Yorkda əhatəmdə yaşayan bütün dostlarımız başqa ştatlarda kirayə ev tutub köçüblər. Nyu-Yorkda binaların 50-60 faizi boşalıb, sakinlərin çoxu şəhərdən çıxıb gedib.
Binada kimdə koronavirus aşkar olunubsa, bütün bina sakinlərinə məktub göndərilərək həmin binada yaşayan sakinlərin neçəsinin infeksiyaya yoluxduğu barədə məlumat verilir.
- Sizin yaşadığınız binada COVID-19-a yoluxan olub?
- Biz Nyu-Yorkdan təxminən 15 dəqiqəlik məsafədə Alpine Nyu-Cersi şəhərində yaşayırıq. Evimizin həyəti böyükdür və qonşulardan aralıdır. Ümumiyyətlə, bu şəhərdə evlər bir-birindən çox aralıdadır. İstədiyimiz vaxt evdən çıxırıq, qaçmağa gedirik, gəzirik. Yolda təxminən bir-iki nəfər görə bilərik. Bu şəhərdə əhali təxminən 5 min nəfərdir. Burada iki nəfərdə koronavirus aşkarlanıb.
Nyu-Yorkla müqayisədə burada infeksiyanın yayılmaq şansı çox azdır. Nyu-Yorkun özündə olan dostlarım demək olar, evdən çölə çıxmırlar. Amma bilirsiniz, ABŞ-da insan hüquqlarına yüksək dəyər verilir. Ona görə də dövlət insanların evindən çıxmağına, yaxud səyahət etməsinə limit qoya bilmir. İnsanlar isə deyirlər ki, bizim evdən çıxmaq hüququmuz var və istədiyimiz vaxt hara istəsək, gedə bilərik. Bunu məhdudlaşdırmaq üçün sadəcə uçuşlar təxirə salınır, restoranlar və biznes mərkəzləri bağlıdır. Hər gün rəsmi şəxslər televiziya və radio vasitəsilə vətəndaşları evdə qalmağa səsləyirlər. Artıq virusdan qorunmaq insanların öz seçiminə qalıb.
- Sizcə, niyə ABŞ ştatları arasında məhz Nyu-Yorkda vəziyyət bu qədər kritik hal aldı?
- Virus başlayanda Avropa və Çindən Nyu-Yorka virus daşıyıcısı olan yüzə yaxın insan gəldi və nəticədə infeksiya sürətlə yayılmağa başladı. Məsələn, Kaliforniya ştatına cəmi 8 korona daşıyıcısı başqa ölkədən gəlib. Nyu-Yorkda isə bu rəqəm çox yuxarı idi. Nyu-York əhalisi 8 milyon 400 min nəfərdir. Amma məskunlaşma o qədər sıxdır ki, virusun yayılması sürətlə baş verdi.
- ABŞ-da koronavirusa yoluxma və ölüm hallarının kütləvi xarakter almasına görə Prezident Donald Tramp ittiham olunur. Əhalinin məsuliyyətsizliyinin payı nə qədərdir?
- Bəli, Donald Trampa çox ciddi ittihamlar səsləndirilir. Çünki yanvar ayında ona virus barədə məlumat verilmiş, test sifarişinin vacibliyi bildirilmişdi. Lakin koronavirusu yoxlayan testlər və digər zəruri tibbi ləvazimatlar sifariş olunmadığı üçün ilk aylar test qıtlığı yaşandı. Heç kəs testdən keçə bilmədiyi üçün kimdə virusun olub-olmadığı məlum deyildi. Bu il ölkədə prezident seçkiləri ili olduğuna görə Donald Tramp koronavirusa çox da məhəl qoymadı. Düşünürdü ki, insanlara bu barədə məlumat verilsə, onun seçki ilə bağlı mitinqlərinə insanlar gəlməyəcək. Bunun sayəsində tədbirləri izdihamlı keçirdi.
Əlbəttə, virusun bu qədər sürətlə yaylmasında ən böyük məsuliyyət prezidentin üzərinə düşür. Eləcə də nəfəs aparatları çatışmırdı. Biznes mərkəzlərinin bağlanması qərarı da gecikdirilirdi. Nəticədə virus sürətlə yayıldı. Bir qrup insan bu virusun olduğuna inanmır, səyahətlərinə davam edirlər, bunun da virusun yayılmasına təsiri var. Amma əsas məsuliyyət əvvəlcədən məlumatı olduğu halda operativ tədbir görmədiyi üçün dövlətdədir.
Hər bir ölkədə olduğu kimi burada da cahil insan qrupu var, küçələrə çıxıb protest edirlər ki, biz maska taxmaq istəmirik, hərəkət hüququmuzu məhdudlaşdıra bilməzsiniz, işə qayıtmaq istəyirik, yalandan bizi virusla aldadırsınız. Əlbəttə, belə mitinqlərdə virusun yayılma ehtimalı daha böyükdür. Bu zaman isə güc səhiyyə sistemi üzərinə düşür. Deyərdim ki, dövlətin günahı böyükdür, amma insanların da günahı az deyil. Kiçik qruplar var ki, səyahət edirlər, mitinqlər keçirirlər və sair.
- Koronavirus pandemiyası ilə bağlı ən müxtəlif versiyalar irəli sürülür. Sadə amerikalılar bu barədə nə düşünür? Qərb toplumu koronavirusa münasibətdə hansı mövqedədir?
- Müxtəlif nəzəriyyələr burada da var, virusun Çin tərəfindən laboratoriyada yaradıldığı və ya heyvanlardan keçdiyi barədə müzakirələr aparılır. Ümumdünya Səhiyyə Təşkilatı ötən gün hesabat yayaraq koronavirusun kökünün heyvanlardan, insanın heyvan əti yeməsindən gəldiyini açıqladı. 300 milyon insan içində hərə bir cür fikiləşir, amma savadlı insanlar konspirologiyaya inanmırlar.
- Nyu-Yorkda karantin rejiminin qaydaları necədir?
- Nyu-Yorkda karantinin xüsusi qaydası yoxdur. Hərəkət məhdudiyyəti qoyulmayıb. Çölə çıxmaq insanların adi hüquqlarından biridir. Burada cərimələnmə yoxdur. Yeganə qayda odur ki, supermarketlərə, apteklərə gedəndə maska taxmaq lazımdır. Maska taxmayanda həmin məkanda içəri buraxmaya bilərlər. İstənilən adam çölə çıxa, gəzə bilər. Hərənin təhlükəsizliyi öz üzərinə düşür. Varlı ölkələrdə insanlar öz sağlamlığını üstün tuturlar. Dediyim kimi heç kəs çölə çıxmır. Çölə çıxanda da sosial məsafə saxlanılır. Bir-birinin evinə gedənlər çox azdır. Əhali evdə, karantindədirlər, özlərini təcrid ediblər, buna dövlət məcbur eləmir.
- Gündəlik tələbat məhsullarını rahatlıqla ala bilirsinizmi?
- Marketlərdə bir ara heç nə tapmaq olmurdu. İndi tualet kağızı, salfetdən başqa istənilən şeyi almaq mümkündür. Yumurtaya limit qoyublar, cəmi 2 qutu, tualet kağızını isə 1 qutu almaq olur.
- "Microsoft" qurucusu Bill Qeytsin peyvənd vasitəsilə insanların bədəninə çip yerləşdirəcəyi barədə iddialar az qala Azərbaycanın dağ kəndində yaşayanlar arasında da yayılıb. Amerikalıların bu tipli xəbərlərə reaksiyası necədir?
- Bu da konspirologiyadır. Adətən, məlumatsz adamlar belə nəzəriyyələri yayırlar. Peyvənd vasitəsilə insan bədəninə çip yerləşdirməklə insanların izlənməsi haqda danışmaq çox gülüncdür. Əlbəttə, savadı olan insanlar bilirlər ki, indiki texnologiya ilə belə bir şey mümkün deyil. Bill Qeyts insanları izləmək istəyirsə, asanlıqla mobil telefonu vasitəsilə də izləyə bilər.
- Nyu-Yorkda yaşayan azərbaycanlılarla təmasınız varmı? Həmyerlilərimiz arasında koronavirusa yoluxan olub?
- Nyu-Yorkdakı azərbaycanlılarla münasibətimiz var. Təkcə iki nəfərin COVID-19-a yoluxduğu barədə eşitmişəm. Cavan olduqlarına görə tez sağalıblar. Dediklərinə görə, xəstəliyi çox dəhşətli keçiriblər. 10 gün ərzində qızdırma, başağrısı, öskürək, tərləmə, ürəkbulanma, yorğunluq, halsızlıq yaşayıblar. Heç kim istəməz ki bu xəstəliyə tutulsun. Yaxşı ki, onların vəziyyəti kritik olmayıb, hospitala getməyə ehtiyac qalmayıb.
- Xəstəxanalarda vəziyyət necədir? Özündə COVID-19 infeksiyasının simptomlarını hiss edən şəxs hansı prosedurlardan keçir?
- Bəzi xəstəxalarda artıq nəfəs aparatı çatışmazlığı var. Hospitallar güclü qorunma rejimində çalışır. Srağagün hamilə rəfiqəmlə hospitala getməli oldum. Koronavirusa görə gəlməsək də, dərhal rəfiqəmdən test götürdülər və 1 saat ərzində nəticəni gözlədik. Nəticə neqativ çıxandan sonra digər ona lazımi prosedurlardan keçdi. Ümumiyyətlə isə özündə virusun əlamətlərini hiss edən şəxslər 9111 nömrəsinə zəng edib simptomlar barədə məlumat verirlər.
Rəfiqəmin qayınatası koronavirusdan rəhmətə gedib. Vəziyyəti ilk günlər o qədər də pis deyildi. Ona demişdilər ki, evdə qalsın. Qəfil nəfəs darlığı hiss edib, dərhal ambulansla xəstəxanaya aparıblar, amma artıq gec olub, həyatını itirdi.
Zəng edib simptomlar barədə məlumat verəndə təngnəfəslik hiss etməyən şəxsin evdə qalması tövsiyə edilir. Çünki hospitalların hamısı doludur. İnsanların maksimum evdə qalmasına çalışırlar. Bir şeyi də qeyd edim ki, əvvəlki dövrlə müqayisədə artıq testlər hər yerdə var, hamını test etmək asandır. Özündə koronavirus simptomları hiss edən insanların testdən keçməsi üçün mobil test yerləri açılıb. İnsanlar maşınla gedib həmin məkanlarda testdən keçirlər, cavab da 1 saat ərzində çıxır.
Bir azərbaycanlı rəfiqəm xəstəxanada çalışır və koronavirusa yoluxan xəstələri müalicə edir. O, vəziyyətin çox dəhşətli olduğunu söyləyir. Deyir ki, hər gün gözümün qabağında yüzlərlə insan ölür. Bəzi insanlar var ki, xilas etmək mümkün olmur. Siqaret çəkənləri, artıq çəkili şəxsləri, yaxud başqa xəstəlikləri olanları müalicə edə bilmirlər.
Nyu-Yorkun özündə bir adada qəbiristanlıq yaradıblar, kimsəsizləri orada basdırırlar. Morqlar dolub, vəziyyət çox pisdir. Yas mərasimi keçirə bilmirlər deyə ölənləri morqda saxlayırlar, kimsəsizlər isə adada dəfn edilir. Nyu-Yorkdan bir az kənarda xəstəxanalarda da tibb bacıları ya işdən çıxıblar, ya da məzuniyyət götürüblər. Yaxınlıqda bir hospital var, 60 tibb işçisi işə gəlmir. Virusa yoluxanların 20 faizi səhiyyə işçiləri, təcili tibbi yardım xidmətində çalışanlardır.
Nyu-York rəsmiləri virus başlayan ilk günlərdən televiziya vasitəsilə başqa ştatlara çağırış edir ki, sizin ştatda vəziyyət pis deyilsə, xahiş edirik, bizə həkim və tibb bacıları göndərin. Hazırda Nyu-Yorka başqa ştatlardan tibbi personal gəlib könüllülük edirlər. Sərgi mərkəzi kimi bir məkanı müvəqqəti hospitala çeviriblər. Mərkəzi parkda mobil xəstəxana yaradıblar. Bir tanışım var, orada könüllülük edir. Yalnız dövlət yox, böyük QHT-lər da dəstək verir. Məsələn, Mərkəzi parkdakı hospital bir QHT-nindir.
- Yəni toplumda həmrəylik var...
- Bəli, sadə insanlar da bir-birinə çox kömək edir, dəstək durur. Analar qrupunda bir tibb bacısı yazır ki, bizim üzümüzü qorumaq üçün plastikdən qoruyucuya ehtiyac var. Bir neçə gün içində çox adam 3D ilə print edib bu cür maskaları göndərdilər. Həmin tibb bacısı foto paylaşmışdı ki, insanlar təşəkkür üçün qutularla kofelər, paltarlar da göndəriblər.
Yaxud biri yazır ki, nənəm evdə tək qalıb, ərzağa ehtiyacı var, kimsə gedib yaşlı qadın üçün bazarlıq edir. İnsanların bir-birinə can yandırmağı çox xoşuma gəlir. Biz Azərbaycanda avropalı və amerikalılara həmişə soyuqqanlı kimi baxırıq. Əslində isə elə deyil, bu günlərdə hamı bir-birinə yardım etməyə çalışır.
P.S. Şəbnəm Alməmmədova mərhum jurnalist Zöhrab Əmirxanlının qızıdır.