Tallində Azərbaycan ilə Estoniya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2-ci iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycanı iclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə energetika və sənaye nazirinin müavini Natiq Abbasov, vergilər nazirinin müavini Sahib Ələkbərov, eləcə də Xarici İşlər, Sənaye və Energetika, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Mərkəzi Bankın və ASAN Xidmətin nümayəndələri daxil olublar.
Estoniya tərəfdən isə iclasda iqtisadi əlaqələr və infrastruktur naziri xanım Urve Palonun rəhbərlik etdiyi komissiya üzvləri iştirak ediblər.
İclasda qeyd olunub ki, Azərbaycan və Estoniya respublikaları arasında ikitərəfli siyasi və iqtisadi münasibətlərin əsasını prezidentlər İlham Əliyev və Toomas Hendrik İlvesin 2009 və 2010-cu illərdə rəsmi səfərləri zamanı imzalanan bəyannamələr təşkil edir.
Hökumətlərarası komissiyanın ikinci iclasında sənaye və energetika, informasiya-kommunikasiya texnologiyaları (İKT), maliyyə, gömrük rüsumu və vergilər, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühit, gənclər siyasəti, təhsil və elmi tədqiqatlar, sosial təminat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
İclasın yekunlarına dair Estoniya və Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri – Urve Palo və Əli Abbasov tərəfindən protokol imzalanıb.
Nazir Əli Abbasovun özəl sektorun nümayəndələri ilə keçirdiyi görüşdə vurğulanıb ki, Azərbaycan hökuməti Estoniya tərəfi ilə əməkdaşlığın genişləndirilməsi ideyasını dəstəkləyir, eləcə də biznesin aparılması üçün əlverişli şəraitin yaradılmasına zəmin yaradacaq.
İlhamə