2020-ci ilin mart ayından bəri koronavirusla mübarizə tədbirləri davam edir. Son məlumata görə, dünyada 3 milyon 321 min 70 nəfər koronavirusa yoluxub, 300 min nəfər virusdan dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin Sədri Ramin Bayramlı deyib:
"Biz dünyada baş verən prosesləri yaxından təqib edirik və rahatlaşmağa əsas yoxdur. Bütün müayinələr laboratoriyalarda davam edir. Bu həftə Sumqayıt şəhərində laboratoriya istifadəyə verildi və beləliklə, bütün böyük şəhərlər laboratoriyalarla təmin olundu. Artıq 150 minə yaxın test edilib. Pozitiv test nəticəsi çıxanların təmasda olduqları müəyyən edilərək, nəzarət altına alınıblar. E-TƏBİB məlumat bazası yoluxanların və onlarla təmasda olanların məlumatlarını toplayır".
O qeyd edib ki, xəstəxanalarında uğurlu müalicə taktikaları tətbiq edilir və ən əsası erkən müalicə aparılır: "Aşkar olunan xəstələrin müalicəsi vaxtında başlanılır və süni tənəffüs aparatına erkən qoşulmanın qarşısı alınıb. Artıq ölkəmizdə sağalanların plazmasının əldə olunması və ağır xəstələrə tətbiq edilməsinə başlanılıb.
Xüsusi proqramla donorların müayinəsi aparılır, ilkin donorlardan sabahdan etibarən plazmalar alınacaq".
O qeyd edib ki, sağalanların sayı 1326 nəfərdir. Ən yaşlı sağalan xəstəmizin 92 yaşı var.