7 May 2020 09:09
90 925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı yazıçı Fərhad Amurdur.

Onunla müsahibəni təqdim edirik:

- Sizcə, insan anı yaşamaq yerinə, niyə gələcəyə dair planlar üzərində daha çox baş sındırır?

- Anı yaşamaq, sevginin, dostluğun, ayrılığın, özləmin, hətta ağrı-acının, qısası, bütün duyğuların doya-doya yaşanması və bu duyğuların həyatı gözəlləşdirdiyini bilmək deməkdir. Fizioloji olaraq insan anı yaşamağa meyllidir, xüsusilə uşaqlıqda və yaşlandıqca bu belədir. Amma insanın ən böyük qorxusu, təlaşı gələcəklə, onu istədiyi kimi reallaşdırmaqla bağlıdır, yəni psixoloji olaraq da belədir. Gələcək qayğısı çəkir. Bəzən depressiyaya salacaq qədər ağırlaşa bilən ciddi narahatlıqdır bu. Yəni bir növ insanın özündən asılı deyil.

- Nə düşünürsünüz: həyatın və ya yaradılışın anlamını tapmaq istəyən insan tapacağı o cavabla nə etmək istəyir?

- Əlbəttə, həyatın heç bir anlamı olmadığını düşünənlər də var. Ancaq bir çox fikir adamı bu mövzuya bulaşmaq istəməsə də, bəziləri bir şeylər söyləyib. Məsələn, Borxes deyirdi ki, həyatın anlamı bizə açıqlansaydı, güman ki, anlamazdıq. Zənnimcə, doğru da deyir. Ən çoxu hər kəsin özü çıxardığı bir anlam ola bilər. Obyektiv bir anlamı olduğunu düşünmək gülüncdür. Nə edəcəyi də çıxardığı anlama bağlıdır. Mənim üçün həyatın anlamı, yaşadığım şeylərlə bərabər, səbir və gözləntilərimdir.

- İnsanın varlığı haqda Darvin, yoxsa peyğəmbərlər haqlıydı?

- Təkamül nəzəriyyəsinin günümüzdə “elmi” olaraq təqdim olunmasına rəğmən, səmavi dinlərdəki yaradılış inancına qarşı daha çox materializmin alternativ olması fikriylə razılaşıram. Nəzəriyyəyə görə, təsadüfən yaranmış tək bir canlı bu ana qədər yaşamış ve yaşamağa davam edən bütün canlı varlığın səbəbidir. Bütün zamanlarda meymunların və insanların iki ayrı qol olaraq təkamül etdiyini düşünürəm.

- Ruh haqda anlayışınız nədir: ruh sizin üçün hansı formada mövcuddur?

- Aşağı-yuxarı hər inanc sisteminin müdafiə etdiyi, ancaq elmi cəhətdən varlığı hələ təsdiqlənməmiş qavramdır. Qarşısındakı birinə bəsləyə biləcəyi saysız duyğudan hansını bəsləyəcəyini müəyyənləşdirən metafizik haldır. Məncə, insanın simasını müəyyənləşdirən, ona xarakter biçən də o haldır.

- Həyatda özünüzdən sonra necə bir “mən” saxlamaq istərdiniz?

- Mənim yerimdə olan hər kəs kimi iz buraxan kitablar…


Müəllif: Mənsur Rəğbətoğlu