6 May 2020 12:09
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Mərkəzi Bank Atabank və Əmrahbankın lisenziyalarına xitam verdi. Bu iki bankın fəaliyyətini dayandırması isə əmanətçilərin narahatlığına səbəb oldu. Maraqlıdır, adı çəkilən banklara əmanət qoyanlar vəsaitlərini geri ala biləcəklərmi?

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Teleqraf.com-un suallarını cavablandırıb.

- Əkrəm bəy, bağlanan banklarda kimlərin əmanətləri qaytarıla bilər?

- Hər iki bank qanunvericiliyə əsasən orada əmanəti sığortalanmış şəxslərin vəsaitlərini üç ay ərzində tam konpensasiya etməlidir. Bu müddət xüsusi hallarda 6 ayadək uzadıla bilər. Bir qayda olaraq kompensasiya 3 ay ərzində verilir. Əmanəti sığortalanmış şəxslərin bankdakı əmanətinin faiz dərəcəsi milli valyutada 12 faiz, xarici valyutada isə 2,5 faizi ötüb.

Bir məsələ var ki, əmanətini bir il əvvəl qoymuş şəxslərin əmanəti hətta milli valyutada 15 faiz, xarici valyutada 3 faiz də ola bilər. Faiz dərəcələri ötən il dəyişdirildi. Kimsə ondan əvvəl qoymuşdusa, onlar üçün də problem yoxdur.

- Əmanəti sığortalanmamış şəxslər vəsaitlərini geri ala biləcəkmi?

- Əmanətinin sığortası olmayan vətəndaşlar da var. Bu əmanətlərin faiz dərəcəsi çox yüksək olub.Hər iki bankda pulu olan şəxslərə, eyni zamanda sahibkarlara, hüquqi şəxslərə böyük ehtimalla heç nə qaytarılmayacaq. Amma hər ehtimal, onlar bankın tam ləğvini gözləməlidir. Bu da azı 4-5 il çəkir.

- Sığortalanmamış əmanətlərin qaytarılması prosesi necə baş tuta bilər?

- Əmanətlərin Sığortalanması Fondu bankın əmlakını satır və bankın verdiyi kreditləri qaytarır. İlk növbədə, Əmanətlərin Sığortalanması Fondu sığortalanmış əmanətlərə sərf etdiyi pulu özünə götürür. Daha sonra bu işlərə sərf etdiyi xərci alır. Növbəti mərhələdə bankın işçilərinin əmək haqlarını verir və bankın dövlətə olan borcunu ödəyir. Yalnız bu proseslər bitdikdən sonra nəsə qalsa bankda pulu sığortalanmayan şəxslərə oradan nəsə verir. Amma praktika göstərir ki, Azərbaycanda bu dövrdə əmanətləri sığortalanmayan şəxslərə heç nə qalmır.

- Sığortalanmış əmanət sahibləri hansısa çətinliklə qarşılaşa bilərlərmi?

- Onlar üçün problem olmayacaq. Əmanətlərin Sığortalanması Fondu bu ayın sonunda prosesin başlanması barədə elan verəcək. Təxminən 3 ay ərzində, payıza qədər bu əmanətlər qaytarılmalıdır.

Doğrudur, ola bilsin, fondun kifayət qədər pulu yoxdur. Amma bəyan edilib, fondun pulu çatmasa, dövlət əmanətlərin qaytarılması üçün vəsait ayıracaq. Fond pulu bankın əmlakından götürdüyü üçün onsuz da o pulu sonra dövlətə qaytarır.

- Xarici valyuta ilə əmanət qoyanlar pullarını necə alacaq?

- Milli valyuta ilə əmanət qoyanların pulu elə bu valyuta ilə də qaytarılacaq. Yalnız bir xarici valyuta ilə, məsələn, dollarla əmanət qoyanlar varsa, onlara da dollarla qaytarılacaq. Ola bilər ki, kimsə dollar və avro ilə əmanət qoyub. Bu halda vəsaitlər əmanətlərin qaytarıldığı gün manatın məzənəsinə görə veriləcək. Dolların da həmin günə olan rəsmi məzənnəsi nəzərə alınacaq. Bu qanunda cəfəng olan bir şeydir. Hələ heç kim bunu izah edə bilmir, amma hər bir halda qanundur və əməl etmək lazımdır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər