Pandemiya ilə əlaqədar həssas əhali qruplarına dəstək aksiyalarında fəal iştirak edən “Bravo” supermarketlər şəbəkəsi sosial məsuliyyət strategiyası çərçivəsində son günlərdə 15 min ailəyə də ərzaq yardımı edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirlik tərəfindən təqdim edilmiş məlumatlar əsasında Bakı və ölkənin bölgələrində ailə başçısını itirmiş 15 min ailənin hər birinə şirkət tərəfindən ərzaq payı təqdim olunub.
Bundan əvvəl isə “Bravo” evlərində sosial xidmətlərlə təmin edilən tənha yaşlılardan və tənha əlilliyi olan şəxslərdən ibarət 10 minədək şəxsi ərzaq yardımı ilə təmin etmişdi.
Beləliklə, pandemiya dövründə şirkət ümumilikdə 25 min tənha yaşlı və əlilliyi olan tənha şəxsə, ailə başçısını itirmiş ailəyə ərzaq dəstəyi göstərib.
Ərzaq payları Nazirliyin sosial xidmətçilərinin və könüllülərin dəstəyi ilə həmin vətəndaşlara evlərinə aparılaraq çatdırılıb.
“Bravo” supermarketlər şəbəkəsi tərəfindən həyata keçirilən bu sosial aksiyalar həssas əhali qruplarının rifahına bir dəstək olmaqla, ölkəmizdə pandemiya ilə mübarizədə milli həmrəyliyə mühüm bir töhfədir.