İnsanların iş həyatından başqa, zaman sərf eləyib zövq aldıqları müxtəlif hobbiləri olur. Kimisi kitab oxumağı, kimisi musiqi dinləməyi, kimisi də kolleksiya yığmağı sevir. Elə müsahibimiz Günay Cəfərova da maraqlı hobbi sahiblərindəndir.
30 illik pul kolleksiyası toplayan Günay Cəfərova xəzinəsinin qapılarınıTeleqraf.com-a açdı.
Müsahibəni təqdim edirik.
- Nə vaxtdan özünüzü kolleksiyaçı hesab edirsiniz? Kolleksiya sərgüzəştiniz necə başladı?
- Əslində özüm də bilmirdim ki, kolleksiyaçıyam. Mən sovet hakimiyyəti illərində dünyaya gəlmişəm. Uşaqlığım SSR-nin dağıldığı dövrə təsadüf edir. 6-7 yaşımda kiçik daxılım vardı. 8 yaşımda sovet hökuməti dağıldı, sovet pulları qaldı. Yararsız olduğu üçün anam onları atmağı təklif etdi. Dedim, yox, mən bunların hamısını saxlayacam. Qərara gəldim ki, pulları özümdə saxlayım.
O vaxtdan bu günə kim xaricə gedib-gəlir, tapşırıram ki, mənə o ölkənin pulundan gətirsin. Əskinas da ola bilər, qəpik də. Yadında qalanlar xahişimi nəzərə alır. Artıq 30 ilə yaxındır ki, pul kolleksiyam var.
- Kolleksiyanıza ad vermisinizmi?
- Ad verməmişəm, sadəcə "Pullarım" deyirəm, çox qoruyuram onları. Bir dəfə uşaqların əlinə düşüb, pulun birini cırmışdılar, çox məyus olmuşdum. Heç ağlıma gəlməzdi, uşaq götürə bilər. 5 rubl cırılmışdı, yapışdırdım. Maddi olaraq bu pullarınn mənə heç bir faydası yoxdur. Halbuki mənim üçünsə çox vacib və doğmadır. Məndə onların xüsusi yeri, ayrı qiyməti, dəyəri var. Tarixdir, uşaqlığımın xatirəsidir.
- Fikrimcə, kolleksiyaçı üçün kolleksiyasını insanlarla bölüşməsi vacibdir. Siz necə düşünürsünüz, bundan başqaları xəbərdar olmalıdırmı? Yoxsa bir küncdə gizli saxlanılmalıdır?
- Gizli saxlamaq deməzdim, sadəcə istəmirəm ki, əldən ələ gəzsin. Hər halda kağızdır, tez korlana bilər. Doğrudur, bu pullar başqalarında da var. Məsələn, Fəvvarələr meydanında bu pullardan satıldığını görmüşəm. Kimsə baxmaq istəsə, mən təqdim edə bilərəm.
Xarici ölkələrdə kolleksiyaçıların hansısa tədbirləri olur, toplaşırlar, bir-birilərinə kolleksiyalarını göstərirlər. Bizdə belə halla rastlaşmamışam. Olsa, böyük məmnuniyyətlə göstərməyə razıyam. Hətta bir dəfə saytda yazmışdılar ki, kimdə eyni puldan iki dənə varsa, dəyişək, sonra alınmadı. Elə pul var ki, məndə olandan başqasında yoxdur.
İstəmərəm ki, kolleksiyam heyif olsun. Hərdən düşünürəm ki, görəsən, bunlar məndən başqa kimə lazımdır? Mən olmayandan sonra heç bir mənası olmayacaq. Yenə də uşaqlarıma verəcəm, yaxud muzeyə bağışlayacam. Amma hələ ki vacib bir şey kimi özümdə saxlayıram.
- Kolleksiyanıza təxminən nə qədər vəsait sərf olunub? Yoxsa hamısı hədiyyədir? Bunları necə əldə edirsiniz?
- Heç bir vəsait sərf etməmişəm. Çoxusunu özüm uşaqlıqdan toplamışam. Bəzilərini kənardan gətirib veriblər. Kimdənsə pulla alım - belə şey olmayıb. Sadəcə istəmişəm ki, bu pullar özümdə qalsın, xarab olmasın, məhv olmasınlar. Bunlar tarixdir...
- Ən çox hansı kolleksiyanız sizin üçün dəyərlidir?
- Pulların hamısı mənim üçün dəyərlidir. Məndə Azərbaycanın ilk pulları var, onlara xüsusi dəyər verirəm. Üzərlərində "Azərbaycan Milli Bankı" yazılıb. Həmin 1, 5, 10 manatlar mənim üçün daha vacibdir.
Məndə qəhrəman analara verilmiş medaldan da bir ədəd var. O medalı da çox dəyərli hesab edirəm. Eyni zamanda bir jeton saxlamışam, o vaxt bu jetonun müqabilində bir zavod çörəyi verirdilər.
- Bu kiçik xəzinədə hansı ölkəyə məxsus pullar üstünlük təşkil edir?
- Rusiya və SSRİ dövründən qalan pullar daha çoxdur. Yeni pullarımızdan da var. Hətta bəzən olur, götürüb xərcləyirəm, yerinə yenidən qoyuram. Qəpikləri saxlayıram, əvəz etmək mümkün olduğu üçün bəzən manatları götürürəm.
- Yəqin ki, 200 manatı kolleksiyaya qoymağa risk etməzsiniz...
- 200 manatı kolleksiyama qoymağı fikirləşirəm... Vaxtilə "Şirvan" deyilən əksinasımız vardı, onu mənə bir nəfər söz vermişdi, pulla almalı idim, alınmadı. Özümdə vardı, xərcləmişdim. Sonradan pullar dəyişdi, onun peşmanlığını hələ də çəkirəm. O da kolleksiyamı zənginləşdirirdi.
O zamandan təkcə 1 "Məmməd" (1000 manatlıq), 1 "Nizami" (500 manatlıq) qalıb. Özümə söz vermişəm ki, kolleksiyamda 200 manat mütləq olacaq.
- Müəyyən səviyyəyə çatdıqdan sonra əksər kolleksiyaları almaq istəyənlər olur. Kolleksiyanızı almaq istəyən, yaxud özünüzün satmaq istəyiniz olubmu?
- Yox, satmaq haqqında fikirləşməmişəm. Tək pul yox, marka, kəpənək və sairə kimi kolleksiyalar da olur. Bilirəm ki, insanlar bunları böyük məbləğdə satırlar. Məqsədim pul qazanmaq deyil. Mənə çox əziz olduğu üçün kolleksiyamı heç bir məbləğə dəyişmərəm. Çox güman ki, muzeyə gedəcək.
- Kolleksiya yığmaq sizə nə qazandırdı?
- Bu haqda heç fikirləşməmişəm. Bu, insanın özünə aid xüsusi bir şeydir, kiçik xəzinədir. Uşaqlıqdan bunu kiçik xəzinə kimi toplayırdım və indiyədək saxlamışam. Mənim üçün dəyəri böyükdür. Bu pullarda həyatımın izləri var. İstəyərdim ki, heç kim öz xəzinəsini satmasın. İnsan öz fəaliyyətinə, əməlinə sevgi ilə yanaşmalıdır. Bunun nə qədər dəyərli olduğunu başa düşmək lazımdır. Pulu sadəcə pul xətrinə yığıb saxlamaq insana heç nə vermir. Mən kolleksiyamdan böyük zövq qalıram.
- 30 ildir zaman ayırdığınız kolleksiyalarınızı bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edirəm. Təzə-təzə kolleksiya toplamağa başlayanlara nə demək istəyirsiniz?
- Mənə elə gəlir, insanın hansısa işi görməyi üçün daxili çağırışı olmalıdır. Bizim dəyərli saydığımız nəsə başqalarına əhəmiyyətsiz görünə bilər. Əsas odur, işinin dəyərli olduğuna özün inanasan. Mən bunlara tarix kimi baxıram. Onlara baxanda sovet dövründən bu günə qədər keçdiyimiz mərhələləri xatırlayıram. Mənim üçün bu pullar həmin mənanı daşıyır.
Doğrudur, xaricdən gətirilən pullar da kolleksiyamı zənginləşdirir. İstədim ki, kolleksiya toplayıramsa, təkcə öz pullarımızla kifayətlənməyim. Əsas məqsədim keçdiyim həyat yolunu unutmamaq, gözümün qarşısında canlandıra bilməkdir.