31 May 2020 14:42
2 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya pendemiya ilə mübarizə apardığı vaxt çəyirtkə sürüləri istila etdikləri ölkələrdə yeni təhdidlər yaradır.

Teleqraf.com xəbər verir ki, Afrika ölkələrində iyun ayında yeni çəyirtkə istilası gözlənilir.

İlin ilk aylarında Şərqi Afrika, Ərəbistan Yarımadası və Körfəz ölkələrinə öz mənfi təsirlərini göstərən səhra çəyirtkələri Pakistan, Hindistan və Rusiyaya üz tutub. Bir neçə ay əvvəl Afikada 20 milyon insana qida problemi yaradan çəyirtkələrin qitəyə ikinci hücumu gözlənilir.

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) növbəti hücumun iyun ayı ərzində reallaşacağını açıqlayıb. Açıqlamada Burkino Faso, Çad, Somali, Mavritaniya, Niger və Seneqalda təhdidlərə qarşı təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi bildirilib. 300-500 min hektarlıq ərazilərdə nəzarət əməliyyatlarının həyata keçiriləcəyi vurğulanıb.

Kənd təsərrüfatı mövsümünə təsadüf etdiyinə görə, hücumların əkinə yararlı ərazilərə böyük zərər verəcəyi ehtimal olunur.

Pakistan hökuməti Bəlucistan, Xeybər Paxtunxva, Pəncab və Sind ştatlarının 61 bölgəsinin çəyirtkə sürülərinin hücumuna məruz qaldığını açıqlayıb. Son 27 ilin ən böyük çəyirtkə istilasından təkcə Racastanda 90 min hektar ərazi zərər görüb. Bu bölgələrdə son 24 saatda 313 min hektar ərazinin çəyirtkədən təmizləndiyi açıqlanıb.

Pakistanda ikinci dalğanın iyul-avqust aylarında baş verəcəyi gözlənilir.

Hindistan hökuməti də çəyirtkə istilasına qarşı tədbirlər görməyə davam edir. Racastan ştatında görünən sürülər daha sonra Madiya Pradeş, Qucerat, Pəncab, Maxaraştra, Xaryana, Uttar Pradeş və Andra Pradeşə doğru irəliləməyə başlayıb.

Hökumət Pradeş və Telanqana ştatları üçün “həyəcan siqnalı” verib. Bir tərəfdə koronavirus təhlükəsi ilə mübarizə aparan milyonlarla insan kənd təsərrüfatı sahələrinin çəyirtkələr tərəfindən yox ediləcəyi təhdidi ilə də qarşılaşıb.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi çəyirtkələrin Stavropol və Dağıstan (Azərbaycanla sərhəd) əyalətlərində çəyirtkə sürülərinin göründüyünü açıqlayıb. Temperaturun yüksək olduğu Orenburq və Başqırdıstanda da sürülərə rast gəlindiyi, amma vəziyyətə nəzarətin saxlanıldığı deyilib.

Rusiya hökuməti çəyirtkələrlə mübarizə üçün 400 milyon dollar həcmində büdcə ayırıb.

Ötən il çəyirtkə sürüləri Rusiyada 365 min hektar əraziyə zərər vermişdi.

40-80 milyon çəyirtkə bir kilometrlik sahədə 35 min insana kifayət edəcək qidanı yox etmək gücündədir. Gün ərzində 150 km məsafə qət edə bilən çəyirtkələr gecələr ağaclarda yatırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər