30 İyun 2020 13:00
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəstəxananın 2 il əvvəl rəsmi açılışı olub, ilyarımdır burda tibbi əməliyyatlar aparılır. Bu günə qədər bizə 74 min 256 nəfər xəstə müraciət edib.

Teleqraf.con xəbər verir ki, bunu “Bona Dea” Beynəlxalq Hospitalın baş həkimi Cabir Gülmalıyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı yaranmış qalmaqala həsr olunan mətbuat konfransında deyib:

"Bu günə qədər 5000 əməliyyat olunub, 10 xəstəmiz dünyasını dəyişib. Xəstəxana bütün müasir infrastruktura sahibdir. Əsas fərqimiz mütəxəssislərimizin bir arada olmasıdır. Digər xəstəxanaların qəbul etmədiyi bütün xəstələr buraya müraciət edir. Bizə müraciət edən ciddi onkoloji əməliyyat, ürək əməliyyatı tələb edən xəstələrdir.

Xəstəxanamızda xəstələrə yanaşma tərzinin fərqi konsiliumlardır. Həftənin birinci və dördüncü günləri konsilium keçirilir və müalicə prosesi müzakirə edilir. Sosial şəbəkələrdə deyilən fikirlər, xəstəxananın bunu pul üçün etdiyi fikri əsassıdır" .

Baş həkim qeyd edib ki,i xəstəyə tətbiq olunan prosedurlar imzalı şəkildə ona təqdim olunur: "Təcili və təxirə salınmaz tibbi yardım istisna olmaqla bütün prosedurlar razılıq prosesindən sonra baş verir.

Standart ürək əməliyyatlarında 1-2 faiz ölüm halı olur və bu, bütün dünyada belədir. Lakin ağır xəstə qruplarında 50 faiz ölüm mümkündür. 10 riskli xəstəni əməliyyat edən həkimin 5 xəstəsi sağalırsa, bu, uğurlu rəqəmdir".

Baş həkim əlavə edib ki, hər gün xəstəyə maddi borcları barədə məlumat verilib: "Əgər bizim məqsədimiz pul qazanmaq olsaydı, ona müdaxilə etməz və dövlət xəstəxanasına köçürərdik. Bu müddət ərzində bütün tibbi heyət canla-başla xəstəyə xidmət edib. Bütün otaqlarda kamera var və xəstə yaxınları kamera vasitəsi ilə xəstələri izləyə bilir. Lakin xəstənin vəziyyəti ağır olduğu üçün ailəsinə şərait yaradıldı və anasına xəstə yanında hər gün məlumat verilirdi".

Cabir Gülmalıyev xəstənin günlərlə reanimasiyada saxlanması iddialarına aydınlıq gətirib: "Xəstə yalnız süni tənəffüs aparatına qoşulmuşdu, o, öldükdən sonra isə bunun heç bir faydası olmur. Xəstənin günlərlə morqda saxlanıldığı iddiası var. Kamera görüntülərində atasının morqa daxil olduğu qeyd olunub. Xəstə 22:30 radələrində dünyasını dəyişib. Bütün qeydiyyatlar deyilən iddiaların əsassız olduğunu göstərir.

Bəziləri iddia edir ki, xəstə morqda saxlanılmayıb. Xəstəxananın 4 soyuducu kamerası var və 24 saat aktiv şəkildə fəaliyyət göstərir, xüsusi tibbi ekspertiza otağı da var. Belə şəraitdə xəstəni morqa qoymamaq inandırıcı deyil".

O bildirib ki, ata xəstəxananın çağırışından sonra övladının meyitini təhvil alıb: "Xəstə 25 iyunda dünyasını dəyişib və xəstənin təmizlənməsi prosedurları vaxt aparıb. 26 iyunun qeyri-iş günü olmasına baxmayaraq, müvafiq təhvil-təslim prosesi baş tutub".

Baş həkim xəstəyə tətbiq olunan müalicə prosesinə sərf olunan maliyyə barədə məlumat verib: "Xəstəyə tətbiq olunan antibiotik hər aptekdə 9 manata satılır, lakin bizdə 3.70 manatadır. Xaricdən dərman idxal etmək potensialımız var və minimum qiymətə xəstələr üçün istifadə edirik

Təəsüf ki, bütün səylərə baxmayaraq bu gün sosial şəbəkələrdə məsələnin doğru yönünü araşdırmadan ittihamlarla qarşı-qarşıya qaldıq. Bu bizim xaricə yaşayıb, təhsil alan həkimlərimizə ləkədir. Biz onları dəvət etdik ki, xalq üçün xidmət göstərsinlər, vətəndaşlarımız xaricə müraciət etməsinlər.

Təəssüf ki, qarşılaşdığımız mənzərə bizi dərindən sarsıtdı. Ümid edirəm ki, həkimlərimizin burada işləmək istəyi azalmayacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər