IV Bakı Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı, professor Kurt Vütrix Bakı Ali Neft Məktəbində (BANM) tələbələrlə görüşüb.
Teleqraf.com-un məlumatına görə, BANM-nin rektoru Elmar Qasımov IV Bakı Humanitar Forumunun keçirilməsinin və onun işində dünyanın nüfuzlu siyasətçilərinin və elm xadimlərinin iştirak etməsini ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının təzahürü kimi qiymətləndirib.
Rektor 2002-ci ildə kimya üzrə Nobel mükafatının laureatı olmuş isveçrəli professor Kurt Vütrixin həyat yolu və elmi fəaliyyəti haqqında tələbələri məlumatlandırıb, qonağa Bakı Ali Neft Məktəbinin yaranma tarixi, fəaliyyətinin məqsədləri və son 3 ildə əldə etdiyi nailiyyətlər haqqında danışıb. Professor Kurt Vütrix Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrinin sırasında layiqli yer tutduğunu vurğulayıb. Sürix Mühəndislik, Elm, Texnologiya, Riyaziyyat və Menecment Universitetində (İsveçrə) və Skripps adına Kaliforniya Elmi-tədqiqat İnstitutunda (ABŞ) çalışan alim tələbələrə elmi fəaliyyətinin əsas istiqamətləri olan biologiya, biofizika, elektron paramaqnit rezonans spektroskopiyası üzrə tədqiqatları haqqında məlumat verib, onların çoxsaylı suallarını cavablandırıb. Görüşün sonunda qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu təqdim edilib.
Naibə