2 İyul 2020 12:45
2 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Binə” Ticarət Mərkəzində çalışan sahibkarlar və icarədarlar süni maneələrlə qarşılaşıblar.

Sahibkarların Teleqraf.com-a verdiyi məlumata görə, bu gündən etibarən icarə haqqını ödəyə bilməyən sahibkarın mağazalarına getməsi qadağan olunub.

İş adamlarının sözlərinə görə, xüsusi karantin rejimi tətbiq olunandan “Binə” Ticarət Mərkəzi də fəaliyyətini dayandırıb: “Lakin sahibkarlar karantin rejimi tətbiq olunamayan bölgələrdən onlayn şəkildə sifarişlər qəbul edirlər. Bu zaman sahibkar öz işlədiyi mağazaya gedib onlayn şəkildə qəbul etdiyi sifarişi müştərilərə göndərir. Yəni burada yerindən satışdan söhbət getmir. Onsuz da ticarət mərkəzində bir nəfər də alıcı yoxdur.

Sadəcə topdansatış ticarətçilər karantin tətbiq olunmayan rayonlardan onlayn formada sifarişlər qəbul edirlər.

Problem onlayn sifariş almış sahibkarların işlədiyi ticarət mərkəzinə yaxınlaşanda başlayır. Belə ki, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın ətrafındakı “dəstə” sahibkarlara təzyiq göstərir. Gündəlik mağazalarını işləmədiyi bir şəraitdə bu “dəstə” öz rəhbərlərinin sifarişinə uyğun olaraq sahibkarlardan yerpulu tələb edir. Artıq aylardır ki, ticarət mərkəzi çalışmır. Bazar rəhbərliyinin belə bir addım atması heç bir məntiqə sığmır”.

Sahibkarların sözlərinə görə, pandemiya şəraitində başqa bir hiylənin də üstü açılıb: “Uzun illər “Binə” Ticarət Mərkəzində 40 kvadratlıq bir mağaza üçün bazar rəhbərliyi tərəfindən 440 manat vergi pulu yığılıb. Ticarət mərkəzində çalışan vergi ödəyiciləri arasında “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı”ndan yaralanmaq istəyənlər oldu. Amma ayda 440 manat vergi ödəyən sahibkar məbləğin yalnız 240 manatını sistemdə görüblər.

Hətta sahibkarlardan bəzisinin ayda dövlətə ödədiyi 440 manat verginin cəmi 88 manatının sistemə oturduğu məlum olub. Yerdə qalan məbləğ isə Kəbirə Məmmədovanın təyin etdiyi 200 manatlıq şəxsi vergisidir”.

Sahibkarlar bildirir ki, iyun ayının icarə haqları da onlardan yığılıb: “Hətta vergidən əlavə, mərkəz rəhbəri Kəbirə Məmmədovanın təyin etdiyi əlavə 200 manatlıq bir məbləği də alıblar. Hansı ki, sahibkarlar iyun ayı üçün etdikləri yerpulu ödənişlərinin cəmi 15 gününü işləmişdilər. Ölkədə ümumi karantin rejimi tətbiq olundu və ödənilən məbləğin müqabilində sahibkarlar həmin ayı tam işləmədilər. Sual olunur, Kəbirə Məmmədova həmin pulları sahibkarlara geri qaytardımı? Təbii ki, yox. Bütün bunlara baxmayaraq bazar rəhbərliyi və onun “dəstə”si sahibkarlara zor tətbiq edərək, haqsız şəkildə yerpulunu tələb edir.

Artıq bazar rəhbərliyinin zorakı davranışı bir qrup sahibkarın haqlı etirazına səbəb olub. Çünki biz gördük ki, pandemiya şəraitində dövlət sahibkarlara maddi yardım göstərdi, vergi güzəştləri tətbiq etdi, kredit borclarına dəstək oldu. Dövlət başçısının mövcud şəraitə uyğun olaraq sahibkarlara dəstək istiqamətində atdığı uğurlu addımlar, verdiyi qərarlar bir növ iş adamlarının pandemiyadan daha az itki ilə çıxmasına hesablanmış qərarlardır. Ancaq dövlət başçısının verdiyi qərarlara Kəbrə Məmmədova uyğun davranmır”.

İş adamları “Binə” Ticarət Mərkəzindəki özbaşınalıqların tək bununla bitmədiyini də vurğulayıblar: “Bazar rəhbərinin bu hərəkətləri yeni deyil. Mart-aprel ayını əhatə edən 1 aylıq karantin rejimi tətbiq olunmuşdu. Həmin vaxt heç bir sahibkar 1 saat belə, mağazasını açmamışdı. Bazara qayıtdıqdan sonra Kəbirə Məmmədova sahibkarlardan işləmədikləri ayların yerpulunu tələb etdi və yığdı da.

Mağaza sahibləri ilə kobud davranan “dəstə” üzvlərindən biri də Etibar adlı şəxsdir. O, sahibkarlara təkidlə “pulu ödəməlisən, əks təqdirdə polis çağıracağıq”, “mağazanı bağlayacağıq” və sair bu kimi təhdidlər edərək onlayn satışa mane olur. Etibar Kəbirə Məmmədovanın işçilərindəndir və hər gün əlində siyahı ilə dükan sahiblərindən vergi ödəmələri tələb edir. Sahibkar vergini bank vasitəsi ilə ödəməlidir. Amma onlar bütün gücü ilə çalışıb sahibkarın vergini banka ödəməsinin qarşısını alırlar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər