4 İyul 2020 17:50
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Füzuli, İmişli, Ağcabədi və Goranboy rayonunda istismarı dayandırlmış subartezian quyusu günün sonuna kimi işə salınacaq”.

Məlumatı Teleqraf.com-a “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Dilqəm Şərifov verib.

Qurum rəsmisi bildirib ki, su terminalı ilə bağlı Füzuli, İmişli, Ağcabədi və Goranboy rayon sakinləri tərəfindən Cəmiyyətə daxil olan müraciətləri araşdırılıb:

“Füzuli rayonun Alxanlı kənd sakini Kamal Quliyevin transformator yarımstansiyasının olmaması səbəbindən kənd ərazisində mövcud olan, istismarı dayandırılmış subartezian quyusuna yeni transformatorun quraşdırılması və enerji şəbəkəsinə qoşulması barədə müraciəti araşdırılıb. Əvvəllər mövcud olmuş transformator yarımstansiyasının “Azərişıq” ASC-nin yerli qurumunun balansında olduğu müəyyən edilib. “Azərişıq” ASC ilə aparılmış danışıqların nəticəsi olaraq, həmin quyu üçün transformator yarımstansiyası ayrılıb və hazırda quraşdırma işləri aparılır. Quyunun günün sonunadək işə salınması nəzərdə tutulub”.

Dilqəm Şərifov deyir ki, həmin quyunun ətrafında olan sahələr əvvəllər Köndələnçayından su götürən sularla suvarılıb: “Hazırda çayda su olmadığından quyunun bərpasına zərurət yaranıb. İmişli rayonunun Xoşçobanlı kəndinin bir qrup sakinlərinin su təminatı ilə bağlı müraciətləri ilə əlaqədar olaraq bildiririk ki, kəndin 820 hektar torpaq sahələri başlanğıcını Cənubi Muğan kanalından götürən Qızıl arx kanalı vasitəsi ilə suvarma suyu ilə təmin edilir.

Həmin kanal rayonun 24 kəndinin 10 800 hektar sahəsinə xidmət edir. Hazırda kanala saniyədə 5 kubmetr su verilir və həmin su limit əsasında proporsional olaraq kəndlər arasında bölünür. Xoşçobanlı kəndinə limitə uyğun su verilir və su təminatında çətinlik yoxdur”.

Qurum rəsmisi, eyni zamanda Ağcabədi rayonunun Afşar və Qaradolaq kəndlərinin sakinləri tərəfindən daxil olan müraciətlərin də araşdırıldığını deyib: “Bu kəndlərin əkin sahələrinin su təminatı əsasən başlanğıcını Araz çayından götürən Yeni Xanqızı kanalı vasitəsilə həyata keçirilir. Bu kanal vasitəsi ilə rayonun 8 kəndinin 14 000 hektara yaxın, o cümlədən Afşar kəndinin 2100 hektar və Qaradolaq kəndinin 2283 hektar sahələri su ilə təmin edilir.

Hazırda kanal vasitəsi ilə rayona saniyədə 2 kubmetr su verilir və su bölgüsü qrafiki əsasında kəndlər arasında paylanılır. Suyun miqdarı az olduğundan suvarmada gecikmələr yaranır. Su təminatına köməklik göstərilməsi məqsədi ilə Cəmiyyətin nümayəndəsi rayona ezam edilib. Hazırda Araz çayında su sərfi müəyyən qədər artdığından Yeni Xanqızı kanalı vasitəsi ilə Ağcabədi rayonuna verilən suyun miqdarının saniyədə 3 kubmetrə çatdırılması üçün tədbirlər görülür. Günü sonuna suyun verilməsi təmin ediləcək”.

Dilqəm Şərifov Goranboy rayonundakı mövcud vəziyyət barədə də məlumat verib: “Rayonun Kələk kəndi ərazisində Cəmiyyətin yerli istismar idarəsinin balansında 13 ədəd subartezian quyusu var və bu quyular hazırda işlək vəziyyətdədir. Lakin quyulardan 2-si uzun müddət istismarda olduğundan məhsuldarlıqları xeyli azalıb və tələbatı tam ödəmir.

Rayonun Qaramusalı kəndində istismarda olan 25 quyu işlək vəziyyətdədir. Onlardan 3 ədədinin məhsuldarlığı azalıb. Sakinlər həmin quyuların ətrafında yeni quyu lüləsinin (kolunun) qazılmasını xahiş edirlər.

Məlumat üçün bildiririk ki, cari ildən rayon ərazisində məhsuldarlığı azalmış quyulardan 10 ədədinin, o cümlədən Kələk kəndində 1 ədəd və Qaramusalı kəndində 1 ədədinin yanında yeni quyu lüləsinin (kolunun) qazılması nəzərdə tutulub. Bu quyulardan 2-sindən qazma işləri başa çatdırılıb və ilin sonunadək digər quyularının qazılması təmin ediləcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər