7 İyul 2020 22:19
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti televiziya mövsümü sona çatır. COVID-19 bütün sahələrə olduğu kimi, teleməkana da təsirsiz ötüşmədi. Bu təsir özünü televiziyalara münasibətdə də göstərdi. Sosial medianın dominantlığının artdığı indiki şəraitdə pandemiya yeni tendensiyanı ortaya çıxardı – daha çox sosial şəbəkələrdən məlumat almağa üstünlük verən izləyici, oxucu yenidən ekran qarşısına qayıtdı, televiziyanı daha ciddi xəbər mənbəyi kimi qəbul etdi.

Azərbaycan Televiziyası üçün də gərgin bir mövsüm geridə qaldı. Bəs ictimai fikir nədən ibarətdir – Ana Televiziya adlandırılan AzTV öz işinin öhdəsindən nə qədər gələ bildi? Tanınmış ictimaiyyət nümayəndələri növbəti mövsümdə telekanladan nələr gözləyirlər?

Sorğuda bu suallara cavab axtarmışıq.

Cahangir Məmmədli (Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor):

- Azərbaycan Televiziyası son 1-2 ildə hətta heç bir televiziyada olmadığı qədər yeniliklərə imza atıb. Xüsusilə maarifləndirici proqramları - “Hədəf”, “Çıxışa doğru” kimi verilişləri qeyd edə bilərəm. Televiziyanın yeni formatları nümunə yaradır. Maarifçilik pandemiya dövründə çox əhəmiyyətlidir. AzTV bu baxımdan infodemiyaya şərait yaratmaması ilə seçilir.

İnanıram ki, son mövsümdə yenilikləri ilə teleməkanda iz buraxan AzTV bu istiqamətdə işini davam etdirəcək. İnternet telekanalların göbələk kimi artdığı indiki şəraitdə xaricdən Azərbaycana qarşı yönəlmiş informasiya təzyiqində AzTV-nin əks-cəbhə kimi rolu olduqca vacibdir.

Elçin Şıxlı (Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru):

- Azərbaycan Televiziyasında cüzi də olsa, dəyişiklik hiss edirəm. Müəyyən çalışmalar, cəhdlər var. Ancaq gözləntilərim ondan ibarətdir ki, plülarizm təmin olunsun, televiziya daha cəsarətli olsun.

Başa düşürüəm, AzTV dövlət televiziyasıdır. Amma yuxarılardan gələn derektivləri olduğu kimi tətbiq etmək olmaz, jurnalist bu işi bildiyi kimi – peşəkar kimi etməlidir. Televiziya hər şeyin gözəl olduğunu göstərmək üçün deyil. Televiziyanın fəaliyyəti idarəçilərə də kömək etməlidir – həqiqəti bilmək və doğru qərarlar qəbul etmək baxımından. AzTV-dən növbəti mövsümdə daha cəsarətli və rəngarəng olmağı gözləyirəm.

Hikmət Babaoğlu (Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor):

- Çoxillik, zəngin efir ənənələri olan Azərbaycan Televiziyası son dövrlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymağı bacarıb. Bu mərhələ üslub fərqi, yeni yanaşma tərzi, hadisələrə obyektiv təqdim etmə forması ilə və eyni zamanda, informasiya istehlakçısının zövqünü təmin etməklə seçilir.

Düşünürəm ki, bu, Azərbaycanın ən böyük auditoriyaya malik olan kanallardan birinin əldə etdiyi ciddi nailiyyətdir. Azərbaycan Televiziyası istər əyləncə və şou proqramlarında yeni keyfiyyət mərhələsinə keçdi, istərsə də xəbər və analitik veriliş siyasətində xeyli dəyişikliklər əldə edə bildi. Eyni zamanda, bu böyük kollektivin gəncləşməsi prosesini, yeni çağırışlara uyğunlaşmasının şahidi oluruq ki, bütün bunlar tamaşaçının da diqqətindən yayınmır. Əminəm ki, bundan sonrakı mərhələdə də Azərbaycan Televiziyası daha böyük uğurlara imza atacaq.

Jalə Əliyeva (Milli Məclisin deputatı):

- Azərbaycan Televiziyası bu mövsümdə də çox sayda ilklərə imza atdı, böyük bir tamaşaçı auditoriyasını ekran qarşısına cəlb etdi.

Azərbaycan Televiziyası bu mövsümdə həm də fədakarlıq nümayiş etdirdi – bütün dünyanı silkələyən COVİD-19 pandemiyası şəraitində bu bəladan maksimum az itki ilə çıxmağımız üçün səfərbər olan, atdığı addımlarla vətəndaşın yanında olan Azərbaycan dövlətinin, dövlət başçısı cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına qoşularaq, günün 24 saatı vətəndaşları məlumatlandırmaq və maarifləndirmək üçün Azərbaycan Televiziyasının bütün komandası ayaq üstdə qaldı, dövlətimizin, xalqımızın yanında oldular. Həkimlərimiz, polislərimiz kimi mətbuatımız, televiziyamız da bu aylarda qəhrəmanlıq göstərdi.

Qulu Məhərrəmli (Media məsələləri üzrə ekspert, professor):

- Televizya məkanında gedən dinamik proseslər AzTV-də də hiss olunur.

Yaxşı haldır ki, efirdə açıq müzakirələr də aparılır. Ancaq bu müzakirələrin sərhədlərinin genişlənməsini, azadlıq və sərbəstliyin artırılmasını arzu edirəm.

Nəzərə almaq lazımdır ki, cəmiyyət yarımçıq həqiqəti qəbul etmir. Əlbəttə, AzTV-də inkişaf var, ancaq nöqsanlar da var. Tezliklə televiziyanın bu nöqsanlardan azad olunmasını istərdim.

Rauf Arifoğlu (“Yeni Müsavat” Media Qrupunun rəhbəri):

- Ölkəmiz üçün ağır dönəm sayılan karantin günlərində AzTV mötəbər və dürüst informasiya qaynağına çevrildi, insanlarımızın istinad nöqtələrindən biri olmağı bacardı. Canlı skayp bağlantıları, aktual mövzulara dair açıq müzakirələr, peşəkarlığın ön plana keçirilməsi bu televiziyaya, onun efirinə marağı artırdı. Əvvəlki kimi, efirdə monotonluq yoxdur.

Ölkənin bütün siyasi spektri, bütün fikir cərəyanlarının təmsilçiləri burada özünü ifadə imkanı əldə edib. Bu, böyük uğur və lazımlı istiqamətdir. Gələcək üçün AzTV-dən canlı yayım konseptindəki verilişlərin sayını artırmağı gözləyirəm. Bir də, cəmiyyətdəki rəy liderlərinin AzTV efirində tez-tez görünməsini, onların iştirakı ilə "açıq oturum", müzakirə janrında proqramların hazırlanmasını arzulayıram.

Vüqar Zifəroğlu (BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri üzrə elmlər doktoru):

- Son mövsümdə Azərbaycan Televiziyası həm auditoriyasını genişləndirə bildi, həm də reytinqini yüksəltdi. Televiziyanın yayımladığı bir çox ictimai-siyasi proqramlar trenddə birinci yerdə oldu. Bu, son bir neçə ilin ən ən yüksək göstəricisi hesab oluna bilər.

Ümumiyyətlə, AzTV-dən son dövrlərdə peşəkarlıq, həm keyfiyyət baxımından edilən dəyişikliklər göz qabağındadır. Mənə elə gəlir ki, heç kim bunu mübahisə predmetinə çevrə bilməz. Televiziyanın əməkdaşlarına bu yolda uğurlar arzu edirəm, inanıram ki, gələn mövsümdə də analitik, sosial-siyasi məzmunlu, maraqlı verilişlərin, tok-şouların sayı daha çox olacaq. Televiziyanın başlıca funksiyalarından biri də cəmiyyəti maarifləndirməkdir. Böyük tarixi inkişaf yolu keçmiş, məktəb ənənəsi olan Azərbaycan Televiziyasının rolu bu baxımdan çox böyükdür. Son dövrlərdə bu məzmunda dəyişikliklərin şahidiyik.

Ələsgər Məmmədli (Media məsələləri üzrə ekspert, hüquqşünas)

- AzTV-ni bir media hüququ eksperti olaraq illərdir izləyir, monitoriqn edirəm. Televiziyalar hüquqa uyğun və media standartlarına, habelə etikasına ciddi əməl edərək efirdə olmalıdır.

Lakin AzTV bu standartları gözləmədən sistemli şəkildə sadəcə rəsmi məlumatları və rəsmi tərəfin təşviqatını efirə verirdi və cəmiyyətin maraqlarını təmsil edən tərəflərin balanslı iştirakı yox idi. Son dönəmlər bu baxımdan bir dəyişim hiss edilir. Aktual məsələlər canlı proqramlarda müzakirəyə çıxarılır və cəmiyyətin müxtəlif təbəqlərindən olan şəxslərin mövqelərinə də yer verilir. Gözləntim budur ki, AzTV bundan sonra hətta fərqli siyasi tərəflərin də görüşlərinə yer versin və aktual məsələlərdə iqtidara münasibətindən aslı olmayaraq hər görüşə yer ayırsın. Təsisçisi dövlət olsa da, o, bütün cəmiyyətin TV-si olmağa cəhd etsin və olsun!

Osman Gündüz (Azərbaycan İnternet Forumunun prezidenti):

- Əvvəlki dövrlərdə verilişlərdə müşayiət olunan durğunluq ruhu aradan qalxıb. Ən diqqətçəkən məqamlardan biri maraqlı tərəflərin iştirakı ilə canlı verilişlərin təşkili yeni tendensiyadır.

Hesab edirəm ki, yeni cəlb olunmuş kadrlar, dinamika AzTv-nin imicini müsbət istiqamətdə xeyli dəyişdirib. Amma əlbəttə, demək olmaz ki, AzTV tam olaraq dəyişib və rəqabətədavamlı, nəhəng informasiya resursuna çevrildi – bu, tez olardı.

Arzu edirəm ki, bu televiziya xarici telekanllarla rəqabət apara biləcək səviyyəyə gəlib çatsın. Bu gün dünyada qlobal informasiya savaşı gedir və düşünürəm ki, televiziya öz imkanlarından, ona ayrılan dövlət qayğısından istifadə edərək, rəqabətqabiliyyətli informasiya resursuna çevrilə bilər.

Əliməmməd Nuriyev (“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti):

- AZTV-də aparılan islahatlar kanalda həm məzmun, həm də vizual baxımdan müsbət keyfiyyət dəyişikliklərinə gətirib çıxarıb. AZTV-nin ictimaiyyət, vətəndaş cəmiyyəti və ekspert icması üçün qapılarını açması, daha geniş auditoriyaya xitab etməyə can atmasını yüksək qiymətləndirirəm.

Mədəniyyətimiz, tariximiz, ədəbiyatımız, musiqimiz, teatr sənətimzlə bağlı yeniliklər, keçmiş təcrübə ilə əlaqədar AZTV çox yüksək peşəkarlıqla verilişlər, sənədli filimlər hazırlayır. COVİD-19-la mübarizə çərçivəsində kanal maarifləndirmə, əhalinin obyektiv məlumatlandırılması üçün çox çalışır. Yaxın perspektiv üçün izləyiclərə fərqli nöqteyi-nəzərləri əks etdirən fikir mübadiləsi, diskusiyalara daha geniş yer verən talk-şou tipli verilişlər hazırlanmasını zəruri hesab edirəm. Həmçinin xəbər xidmətinin daha geniş spektri əhatə etməsini arzulayıram.

Çingiz Abdullayev (Xalq yazıçısı):

- Son bir ildə hamımız AzTV-də böyük dəyişikliklərin şahidiyik. Çox maraqlı, təcrübəli, gənc insanlar gəlib kanala. Görürük ki, dəyişməyə çalışırlar və nail olurlar.

Arzu edirəm ki, bundan da böyük zirvələrə qalxsınlar. Özüm “Ağ&Qara”nın, “Bakı Nadejda ilə” verilişlərinin qonağı olmuşam.

Tezliklə koronavirus problemi yer üzündən yoxa çıxsın, biz də qayıdaq əvvəlki həyatımıza. Proqramlarımızda ürəkaçan mövzulardan danışaq, koronavirus statistikası verməyək.

Günel Anarqızı (Yazıçı, “Bakı Kitab Mərkəzi”nin rəhbəri):

- AzTV yaxşılığa doğru dəyişib, son zamanlar daha çox yeniliklər, kreativ yanaşma, ümumilikdə yaradıcı yanaşma qabarıq şəkildə gözə çarpır.

Bu, yeni rəhbər, yeni menecmentin uğurudur.

AzTV hələ inkişaf edəcək, müsbət dəyişiklər görəcəyik.

Mənsum İbrahimov (Xalq artisti):

- AzTV ailəmlə birgə oturub rahat şəkildə baxa biləcəyim bir televiziyadır. Təbii ki, hər zaman da milli-mənəvi dəyərlərə yüksək qiymət verən peşəkar komandası var.

Yeniliklər də göz qabağındadır. Həm də Bədii Şuranın üzvü kimi deyə bilərəm ki, AzTV gözümüzün qabağında hər gün dəyişməkdədir.

Təbii ki, birdən-birə ideal ola bilməz hər şey.

Çatışmayan detallar da var hələ ki. Karantin düvründə çox operativ çalışmaları xüsusi diqqətə layıqdir.

Nurəddin Mehdixanlı (Xalq artisti):

- Bu gün Azərbaycanımızda ciddi dəyişikliklər, islahatlar baş verir. Bu, təbii ki, Azərbaycanın dövlət olaraq daha möhkəmlənməsinə xidmət edən islahatlardır.

Könül istərdi ki, bunlar davam etsin. Həmin islahatlar, həmçinin, Azərbaycan teleməkanında da gedir.

O cümlədən də bizim ilk TV – AzTV-nin fəaliyyətində də ciddi dəyişikliklər baş verir və bu, bizi sevindirir. Mən bir sənət adamıyam və mənim üçün bu sahədə görülən işlər çox maraqlıdır”.

Mehriban Ələkbərzadə (“Yuğ” teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi):

- Düşünürəm ki, son zamanlar Azərbaycan Televiziyası öz böyük ve uğurlu dəyişiklikləri, yeni təqdimatları, gündəmin əsas (istər siyasi, istər sosial, istərsə də mədəni) hadisələrinə kreativ baxışları ilə son 10 ildə ilk dəfə diqqəti bu qədər özünə cəm edə bilib.

Sanki illərdir baxmağı arzulamadığımız AzTV... Artıq yeni siması ilə tamaşaçısını özünə qaytarır. Azərbaycan Televiziyasına rəhbərliyin gənc və enerjili şəxsə tapşırılması elə dinamik dəyişikliklərdə özünü göstərdi. Cağdaş dünyamıza açılan uğurlu pəncərələr (yeni və zövqlü proqramlar, canlı verilişlər) bu gün ölkə TV kanalları içində həm də xüsusi zövqü ile seçilir. Xüsusi olaraq pandemiya şəraitində maarifləndirmə işi olduqca tədqirəlayiqdir.

İradə Tuncay (“Ədalət” qəzetinin baş redaktoru):

- AzTV ölkənin bir nömrəli kanalıdır və əsas yükün onun üzərin düşməyi də təbiidir.

Mütləq mənada, əlbəttə ki, dəyişib.

Birdən-birə nəyisə dəyişmək, alt-üst edib, dağı dağ üstünə qoymaq olmur və təbii ki, mümkün deyil”.

Faiq Ağayev (Xalq artisti):

- Azərbaycan teleməkanının qocaman, ağsaqqal kanalı - doğma AzTV son ildə etdiyi dəyişikliklər ilə sonsuz sevindirir məni.

Tamaşaçı sevgisini keyfiyyətli, zövqlü verilişlər ilə halalcasına qazanır. Sükanı belə saxlayın, əziz peşəkarlar! Uğurlarınız hamımızın nailiyyətidir, biz birlikdə güclüyük!”

Hacı Şahin (Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı):

- AzTV hər zaman bir məktəb, nümunə olub. Televiziyamızın ən peşəkar təmsilçiləri, əsasən, bu məktəbin yetirmələridir. Son bir ildə isə dövlət kanalındakı dəyişikliklər, yeni format və yeni layihələr tamaşaçı zövqünü oxşayır. Şəxsən özüm də AzTV-də yayımlanan bir neçə verilişi sevə-sevə izləyir və yeni buraxılışı gözləyirəm. Gənc kadrlar yaşlı televiziya ustadlarının layiqli xələfləri olduğunu sübut etdilər. Ümid edirəm ki, ölkənin bir nömrəli kanalı heç vaxt reytinqə qaçmayacaq, tamaşaçıda yüksək zövq formalaşdıracaq, hər zaman peşəkarlıq və yaradıcılığın etalonu olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər