Digər dövlətlərlə Azərbaycan arasında təcrübə mübadiləsi davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Tərəfdaş dövlətlər karantin rejiminin yumşaldılmasına getsələr də, onlarda da yoluxma artdı. Bu ölkələr də bizdə olduğu kimi təkrar qapanma rejimini tətbiq etdilər".
O bildirib ki, xaricdə olan vətəndaşlarımızın ölkəmizə təxliyəsi davam edir: "İstanbul-Bakı istiqaməti üzrə 4 uçuş baş tutur. Eyni zamanda Avropa istiqamətində uçulşar olacaq Bakı-London-Bakı reysi nəzərdə tutulur. Həmçinin Bakı-Berlin-Bakı uçuşlar təşkil olunacaq.
Bu həftə 250 vətəndaşımız Rusiyadan ölkəmizə gətirilib. Həmçinin qarşıdakı həftədə də bu iş davam etdiriləcək. İrandan, Gürcüstandan, Ər-Riyaddan da vətədaşlarımızın gətirilməsi planlaşdırılır. Bunun üçün vətəndaşlarımızın testdən keçməsi və ölkə daxilində 2 həftəlik karantin qaydalarına əməl etmələri tələb olunur".
Hikmət Hacıyev qeyd edib ki, Budapeşt, Daşkənd, Yekaterinburq, Qətərdən də çox saylı müraciətlər səbəbilə vətəndaşlarımızın ölkəyə gətirilməsi nəzərdə tutulur: "Dərs ili başa çatdığı üçün tələblərin gəlişinin təşkili ilə bağlı Bakı-İstanbul reysində müəyyən qiymət güzəştləri olacaq. Vətəndaşlardan xarici səfərlərdən maksimum dərəcədə çəkinmələrini xahiş edirik".