12 İyul 11:09
354

Millət vəkili, ürək-damar cərrahı Rəşad Mahmudov sosial səhifədində koronavirusa yoluxan Cavid Paşayevlə bağlı paylaşım edib.

"Bildiyiniz kimi, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri 36 yaşlı Dr. Cavid Paşayev İyul ayının 1-dən COVİD19 virusuna yoluxub. Son günlərdə bütün müalicələrə baxmayaraq, səhhətində pisləşmənin müşahidə olunması, oksigen saturasiyasının kəskin şəkildə aşağı düşməsi və həkimimizə EKMO cihazından istifadə ehtimalı yarandığına görə 2 gün əvvəl Mərkəzi Gömrük Xəstəxanasının Reanimasiya şöbəsinə transfer olunub. İlk 24 saat ərzində səhhətində mənfiyə doğru çox şiddətli dəyişiklik olması bizim EKMO hazırlıqlarını etməyimizə səbəb oldu. Lakin, dünən axşam saatlarından etibarən, xəstədə arzuolunan müsbət dinamika müşahidə olunduğuna görə hələki, EKMO cihazı istifadə edilmədən, süni tənəffüs aparatında, dərin koma şəraitində müalicəsinin aparılmasına qərar verilib.

Cavid həkimin müayinələrində ağciyər tutulmasından əlavə, bu günlərdə çox nadir görsənən “Pneumomediastinum və dərialtı empizema"nın olması, işimizi daha da çətinləşdirir. Bütün mövcud problemləri nəzərə alaraq, çox ciddi təqib altında və hər an yaranabiləcək situasiyalara görə hazırlıqlar görülmüş vəziyyətdədir. Ümid və arzu edirik ki, ən qısa zaman ərzində müalicəsində əldə etdiyimiz müsbət nəticələri Sizlərlə paylaşaq. EKMO cihazının istifadə olunub olunmamasının qərarı isə, klinik və labarator gedişata görə mütəmadi qiymətləndirmə əsasında veriləcəkdir. Bu barədə yenilik olarsa, xəstəxanamızın mətbuat xidmətindən və eləcə də Facebook səhifəmizdən Sizlərlə paylaşmağa çalışacağıq".

Cavid Paşayev timsalında bu gün yüzlərlə xəstə həm xəstəxanamızda, eləcə də digər xəstəxalalarda müalicə olunur. Əgər koronavirusu insanlığa qarşı bir müharibə adlandırırıqsa, Dr. Cavid Paşayev də bu müharibədə ön cəbhədə olan, gecə-gündüz demədən mübarizə aparan bir sərkərdə, bəlkə də generalımızdır. Cavid həkimin vəziyyəti başda Mehriban xanım Əliyeva olmaqla, ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu həm də ayrı bir məna kəsb edir. Müharibələrdə yaralanmış generalın yaşadılması həm də psixoloji hadisədir. Bu qədər çətin və ümidsiz vəziyyətdən çıxaraq ayaga qalxacaq Cavidlər həm də bu gün, bu mübarizəni ön cəbhədə əzimlə davam etdirən həkimlərimizə və səhiyyəçilərimizə stimul verəcəyi inancındayam.

Əzizimiz Cavid həkim, dəyərli dost!
ÜmidIə yolunu gözləyən yüzlərcə xəstələrinin, səni sevən tələbələrinin, həmkarlarının, dostlarının və ən əsası isə ailənin adından səslənirəm:“tezliklə sağal və ayağa qalx. Biz bu müharibədəki Qələbə Gününü səninlə qeyd edəcəyimizə ürəkdən inanırıq!"


Müəllif: Teleqraf.com