13 İyul 2020 17:55
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, onlayn keçirilən iclasda kollegiyanın sədri Anar Bağırov son günlər cəbhə xəttində baş verən hadisələr barədə fikirlərini bölüşüb, xüsusilə Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində təxribat törətməsi nəticəsində şəhid olan əsgər və zabitlərimizin ailələrinə Rəyasət Heyətinin bütün üzvləri adından başsağlığı verərək səbr diləyib.

Eyni zamanda, Anar Bağırov çıxışında Azərbaycanın ərazi bütövlüyünün qorunması işində vəkillərin hər zaman mübarizəyə hazır olduqlarını əminliklə bildirib.

Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vuran vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib.

Hazırda dövlət qulluğunda olan bəzi vəkilliyə namizədlərin vəkillik fəaliyyətinə başlamalarına möhlət verilməsinə dair müraciətlərə baxılıb və bir sıra vəkillərin mükafatlandırılması məsələlərinə dair müsbət qərarlar qəbul olunub.

Ölkədə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq edilən karantin rejiminin şərtlərini nəzərə alaraq Vəkillər Kollegiyasının üzvlərinin cari ilin iyul ayı üçün Vəkillər Kollegiyasına ödəməli olduqları üzvlük haqqının güzəşt olaraq vəkilliyin inkişaf fondundan ödənilməsi barədə Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.

Bu çərçivədə pandemiya dönəmində vəkillər tərəfindən vəkil qurumlarına ödənilən saxlanma xərclərinin həcminin azaldılması məsələsi ölkə üzrə bütün vəkil qurumlarına tövsiyə olunub.

İclasda Sumqayıt “ASAN xidmət” mərkəzində vəkil kabinetinin yaradılması barədə təqdimata baxılmış və müvafiq qərar qəbul olunub.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq aidiyyəti qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.


Müəllif: Hacı Zeynalov