20 İyul 2020 00:42
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonun Dondar Quşçu, Yuxarı Öysüzlü və Hacallı kəndlərinin ərazisinə mərminin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) 3 siqnal (əməliyyat çağırışı) daxil olub.

ANAMA-dan Teleqraf.com-a bildirilib ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib, birlikdə həmin kəndlərin ərazisində 2 ev və həyətyanı və əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və partlamış top mərmilərinin qalıqları aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tapıntıların ətrafında 430 kv.m əraziyə yerüstü, 37 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Müəllif: Teleqraf.com